BƏƏ, Braziliya və Azərbaycan iqlim dəyişikliyi mövzusunda birgə çalışır - Braziliyalı nümayəndə
Birləşmiş Ərəb Əmirlikləri, Braziliya və Azərbaycan iqlim dəyişikliyi mövzusunda birgə çalışır.
Bu barədə Trend-ə özəl açıqlamasında Braziliya xarici işlər nazirliyinin iqlim, enerji, ətraf mühit üzrə xüsusi nümayəndə Andre Correa do Lago deyib.
O qeyd edib ki, hər üç ölkə COP28 zamanı birgə çalışmaq üçün razılığa gəliblər. Çünki biz hər COP-a sıfırdan başlaya bilmərik.
"Biz Azərbaycan sədrliyi ilə daima əlaqədəyik. COP29-da öz təcrübələrimizi bölüşəcəyik. Birgə fəaliyyətimiz çərçivəsində uğurlu nəticələr əldə edəcəyimizə inanırıq",- deyə o bildirib
Qeyd edək ki, Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (UNFCCC) ərəfəsində keçirilən PreCOP29 iclası keçirilir.
Konfrans "Ambisiyaların gücləndirilməsi və fəaliyyətin təmin edilməsi" devizi ilə baş tutur.
Xatırladaq ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası bu ilin noyabrında Azərbaycanda keçiriləcək. Bununla bağlı qərar ötən il dekabrın 11-də Dubayda keçirilən COP28 plenar iclasında qəbul edilib. İki həftə ərzində dünyanın mərkəzinə çevrilən Bakı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası 1992-ci ilin iyununda Rio-de-Janeyroda keçirilən Yer Sammitində insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq üçün imzalanmış sazişdir. "COP" (Conference of Parties) abbreviaturası İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icrasına nəzarət edən ən yüksək qanunverici orqan olan "Tərəflərin Konfransı" mənasını verir.
Konvensiyada 198 ölkə iştirak edir. Tərəflər başqa cür razılaşmırsa, COP hər il keçirilir. İlk COP tədbiri 1995-ci ilin martında Berlində baş tutdu və onun katibliyi Bonnda yerləşir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре