Bu uşaqlara aylıq müavinət verilir - MƏBLƏĞ

Valideyn himayəsindən məhrum uşaqlara və onları himayəyə götürən şəxslərə dövlət tərəfindən maddi dəstək göstərilir.
Day.Az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondundan Metbuat.az-a verilən məlumata görə, əgər valideyn himayəsindən məhrum olmuş uşaq qəyyumun (və ya himayəçinin) nəzarətindədirsə və tam dövlət təminatında deyilsə, həmin qəyyuma hər ay 120 manat müavinət verilir. Bu ödəniş də nağdsız həyata keçirilir və qəyyumluq müddəti bitdikdə dayandırılır.
Bundan başqa, himayədar ailəyə verilmiş uşaqlar üçün yaşa görə aylıq müavinət nəzərdə tutulub.
Belə ki, 0-6 yaşlı uşağa görə 355 manat, 7-13 yaşlıya görə 375 manat, 14-18 yaşlıya görə isə 395 manat ödənilir. Əgər uşağın 18 yaşınadək əlilliyi varsa, bu məbləğlər müvafiq olaraq 395, 415 və 435 manat təşkil edir. Müavinət yalnız nağdsız şəkildə plastik kartlarla verilir və uşağın himayədar ailəyə verilməsi haqqında müqavilə qüvvədə olduğu müddətdə davam edir.
Bundan əlavə, himayədar ailəyə verilmiş uşaqlar üçün ildə dörd dəfə - mart, iyun, sentyabr və dekabr aylarında 200 manat məbləğində birdəfəlik müavinət ayrılır. Bu vəsait mövsümi geyimlərin alınması məqsədilə nəzərdə tutulub.
Qeyd edək ki, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar ilk dəfə işə düzələn zaman onlara 6000 manat birdəfəlik müavinət verilir. Bu, yalnız 20 dekabr 2024-cü il tarixindən sonra ilk dəfə işə düzələn şəxslərə aiddir. Həmin tarixədək işə düzələnlərə isə bu müavinət orta aylıq əmək haqqının beş misli qədər ödənilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре