Növbəti köç karvanı Həsənriz kəndinə çatıb

Tərtər rayonundan yola salınan növbəti köç karvanı Ağdərə rayonunun Həsənriz kəndinə çatıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu gün Ağdərə rayonunun Həsənriz kəndində 40 ailə olmaqla, 146 nəfər keçmiş məcburi köçkün doğma yurda qovuşub.

Köç karvanı respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

xxx

11:47

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Yenidən qurulan Ağdərə rayonunun Həsənriz kəndi və Ağdam rayonunun Sarıcalı kəndi növbəti sakinlərini qəbul etməyə hazırdır.

Bu barədə Day.Az-a Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bu ərazilərə köç edənlər Respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə 40 ailə - 146 nəfər Həsənrizə, 1 ailə, 4 nəfər isə Sarıcalıya köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır