Qazaxıstan Azərbaycanla gömrük informasiya sistemlərinin inteqrasiyasının perspektivli istiqamətlərini açıqladı

Qazaxıstan transsərhəd ticarətin sadələşdirilməsi və inzibati prosedurların azaldılması məqsədilə Azərbaycanla rəqəmsal ticarət platformalarının daha da inteqrasiyası üçün potensial görür.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə Qazaxıstanın ticarət və inteqrasiya nazirinin müavini Aset Nusupov bildirib.

"Biz artıq bu istiqamətdə ilk praktiki addımları atmışıq. Avtomobil yükdaşımaları üçün birgə rəqəmsal icazələr sisteminin tətbiqi platformaların inteqrasiyasının praktikada necə işlədiyini əyani şəkildə göstərir: növbələr aradan qalxır, gözləmə müddəti azalır, təchizat zəncirinin proqnozlaşdırıla bilməsi artır. Hesab edirəm ki, qeyri-sabitlik və sarsıntılarla dolu indiki dünyada biznesin ən çox ehtiyac duyduğu məhz budur", - deyə A.Nusupov vurğulayıb.

O qeyd edib ki, növbəti məntiqi addım gömrük inzibatçılığı sahəsində informasiya sistemlərinin inteqrasiyası olacaq.

"Hesablamalara görə, təkcə Aİİ çərçivəsində rəqəmsal əməkdaşlığın tətbiqi gömrük prosedurlarının müddətini 20-25 faiz azaltmağa imkan verəcək. Orta Dəhliz üzrə əsas tranzit tərəfdaşımız olan Azərbaycanla birlikdə isə bu effekt daha da əhəmiyyətli olacaq", - deyə nazir müavini bildirib.

A.Nusupovun sözlərinə görə, inteqrasiyanın perspektivli istiqamətləri sırasında Aktau və Ələt limanları vasitəsilə yük axınlarına dair məlumatların real vaxt rejimində mübadiləsi, elektron müşayiətedici sənədlərin (qaimələr, elektron hesab-fakturalar) qarşılıqlı tanınması, Qazaxıstan-Xəzər-Azərbaycan-Gürcüstan-Avropa marşrutu üzrə multimodal daşımaların rəsmiləşdirilməsi üçün vahid rəqəmsal "pəncərə"nin yaradılması, eləcə də hər iki ölkənin əmtəə bazarlarında qiymət vəziyyətinin monitorinqi platformalarının inteqrasiyası yer alır.

"Bizim məqsədimiz elə bir rəqəmsal mühit yaratmaqdır ki, məhsul yola salındığı andan çatdırıldığı ana qədər hər iki ölkənin sistemləri tərəfindən izlənilsin. Beləliklə, biz eyni dildə danışa biləcəyik ki, bu da xalqlarımızın türk köklərini nəzərə alsaq, məncə, xüsusi rəmzi məna daşıyır", - deyə A.Nusupov əlavə edib.