Metroda "yaşıl" və "qırmızı" xəttin ayrılması üçün yeni tunelin tikintisi ilə bağlı SON DURUM AÇIQLANDI
Avqustun 15-dən etibarən "Bakı Metropoliteni"nin "yaşıl" və "qırmızı" xətlərinin ayrılması ilə bağlı işlərə başlanılmasından sonra "28 May" və "Nizami" stansiyaları arasında qatarların hərəkətinin nə zaman bərpa ediləcəyi və işlərin hazırda hansı mərhələdə olduğu hər kəsi maraqlandıran əsas məsələlərdən biridir.
Day.Az-ın sorğusuna cavab olaraq "Bakı Metropoliteni" QSC-dən bildirilib ki, "28 May"-"Nizami" stansiyaları arasında qatarların hərəkətinin dayandırılmasından sonra Cəfər Cabbarlı stansiyasını Nizami stansiyası ilə birləşdirəcək, uzunluğu 200 metrə yaxın olan yeni tunelin inşası ilə bağlı işlər avqustun 15-dən etibarən planlı şəkildə davam etdirilir.
Vurğulanıb ki, tikinti norma və qaydalarına uyğun olaraq, ilk növbədə kommunikasiya xətlərinin köçürülməsi, yolların sökülməsi və mövcud tunelin yeni tunel infrastrukturunun inşası ilə əlaqədar betonlanması işləri həyata keçirilir.
"Hazırda tikinti işləri qrafikə uyğun və normal şəkildə davam edir. Xüsusi olaraq qeyd etmək lazımdır ki, geoloji tədqiqatlar və digər məsələlər ətraflı şəkildə öyrənildikdən sonra müasir inşaat üsullarından birinin tətbiqinə qərar verilib. Ərazinin hidrogeoloji şəraitinin mürəkkəb olmasına baxmayaraq, seçilmiş üsul işlərin təhlükəsiz və tikinti norma və qaydalarına uyğun şəkildə aparılmasına imkan verir. Bu səbəbdən bütün işlərin 11 ay ərzində yekunlaşdırılması nəzərdə tutulur", - qeyd olunub.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре