Bu qaydalara əməl etməyənlər heyvanlarına görə CƏRİMƏLƏNƏCƏK
Ev heyvanının başqalarına və ya onların əmlakına vurduğu zərərə görə heyvanın sahibi maddi ziyanı tam şəkildə ödəməyə borcludur.
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə əsasən, sahibi öz heyvanına nəzarət etməli və onun törədə biləcəyi risklərin qarşısını almalıdır. Heyvanın qaçması, itməsi və ya sahibinin nəzarətindən çıxması faktı mülki məsuliyyəti aradan qaldırmır və ya azaltmır.
Bu məsələ birbaşa Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1110-cu maddəsi ilə tənzimlənir. Həmin maddəyə əsasən, heyvanın sahibi öz heyvanının başqalarına vurduğu zərərin əvəzini ödəməlidir. Məsələn, bir şəxsin iti başqa birini dişləyərsə, müalicə xərclərini və ya magistral yola çıxan iri buynuzlu heyvan avtomobil qəzasına səbəb olarsa, maşına dəymiş maddi ziyanı heyvan sahibi qarşılamalıdır. Sahib yalnız o halda məsuliyyətdən azad edilə bilər ki, zərərin qarşısını almaq üçün qanunla tələb olunan bütün zəruri və önləyici tədbirləri gördüyünü sübut etsin.
Maddi ziyandan əlavə, heyvanların saxlanması qaydalarının pozulmasına görə qanunvericilikdə inzibati cərimələr də mövcuddur. İnzibati Xətalar Məcəlləsinin 290-cı maddəsinə əsasən, ev heyvanlarının saxlanması və gəzdirilməsi qaydalarının ilk dəfə pozulmasına görə 200 manat, təkrar törədildikdə isə 300 manat cərimə nəzərdə tutulur. Əgər bu qayda pozuntusu nəticəsində zərərçəkmiş şəxsə yüngül bədən xəsarəti yetirilərsə və ya maddi zərər vurularsa, tətbiq olunan cərimənin məbləği 800 manatdan 1000 manatadək yüksəlir. Eyni zamanda, heyvanın hərəkəti insanın ağır xəsarət almasına və ya ölümünə səbəb olarsa, sahib artıq cinayət məsuliyyətinə cəlb edilə bilər.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре