Xəyanət edən həyat yoldaşına qarşı təzminat tələb etmək mümkündürmü? - Hüquqi İZAH
Azərbaycan qanunvericiliyinə əsasən, nikah daxilində xəyanətə uğrayan tərəfin məhkəmə qaydasında mənəvi təzminat alması mümkündür, lakin bu əməl birbaşa cinayət və ya inzibati xəta sayılmır.
Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2025-ci il tarixli "Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında" Qərarından sonra bu mövzuda yeni bir hüquqi təcrübə formalaşmağa başlamışdır. Qanunvericilikdə "xəyanət" ayrıca bir termin kimi cəzalandırılmasa da, bu hərəkət ailə birliyinə zidd olaraq qarşı tərəfin şəxsiyyət hüquqlarının pozulması, ləyaqətinin alçaldılması və ona psixoloji sarsıntı yaşadılması kimi qiymətləndirilir.
Bu əsasla zərərçəkmiş ər və ya arvad boşanma davası zamanı və ya ayrıca olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinə (fiziki şəxsin şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi) söykənərək mənəvi zərərin ödənilməsini tələb edə bilər. Tələb olunacaq mənəvi kompensasiyanın konkret hər hansı bir yuxarı həddi yoxdur. Məhkəmə mənəvi zərərin miqdarını təyin edərkən tərəflərin maddi vəziyyətini, yaşanan sarsıntının dərəcəsini və hadisənin real xüsusiyyətlərini əsas götürərək ağlabatan bir məbləğ müəyyənləşdirir.
Təzminatın qazanılmasında ən mühüm şərt xəyanət faktının rəsmi şəkildə sübuta yetirilməsidir. Mülki Prosessual Məcəllənin 77-ci maddəsinə görə, hər bir tərəf öz iddialarını əsaslandıran halları sübut etməyə borcludur. Bu prosesdə qanuni yollarla əldə edilmiş fotoşəkillər, video və audio yazılar, rəsmi yazışmalar və ya şahid ifadələri sübut qismində məhkəməyə təqdim oluna bilər. Nəzərə almaq lazımdır ki, qanunsuz yollarla (məsələn, gizli kamera və ya şəxsi həyata qanunsuz müdaxilə ilə) toplanan materiallar məhkəmə tərəfindən rədd edilə bilər.
Nəsimi Ələsgərli
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре