https://news.day.az/azerinews/1863884.html Onilliklərlə davam edən münaqişədən sonra belə etimad qurmaq mümkündür - Xələf Xələfov 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması onilliklər davam edən münaqişədən sonra belə etimad qurmağın mümkün olduğunu göstərib.

Onilliklərlə davam edən münaqişədən sonra belə etimad qurmaq mümkündür - Xələf Xələfov

Azərbaycanca, 1 октября 2026 10:54 (UTC +04:00) 146
Onilliklərlə davam edən münaqişədən sonra belə etimad qurmaq mümkündür

2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Birgə Bəyannamə və sülh sazişinin paraflanması onilliklər davam edən münaqişədən sonra belə etimad qurmağın mümkün olduğunu göstərib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov cümə axşamı AQEM-in "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusuna həsr olunan Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir. Geosiyasi gərginliyin artması, suverenlik və ərazi bütövlüyü də daxil olmaqla beynəlxalq hüququn əsas prinsiplərinin pozulması qlobal təhlükəsizlik sistemini ciddi sınağa çəkir.

Xələf Xələfov terrorizm, separatizm, ekstremizm, kibertəhdidlər və dezinformasiya ilə yanaşı, ərzaq, enerji, su və iqlim təhlükəsizliyi ilə bağlı risklərin də qlobal xarakter daşıdığını qeyd edib.

"Hazırkı dövrdə dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsinə, münaqişələrin beynəlxalq hüquq əsasında sülh yolu ilə nizamlanmasına və dünyanın müxtəlif regionlarında davam edən qanlı müharibələrə son qoyulmasına yönəlmiş birgə fəaliyyət fövqəladə əhəmiyyətli məqsədlərə xidmət edir", - deyə Xələf Xələfov bildirib.

O vurğulayıb ki, dünya nizamının və beynəlxalq hüququn norma və prinsiplərinin pozulmasına yönəlmiş təhdidlərin qarşısının alınması üçün BMT-nin mərkəzi roluna əsaslanan birgə addımlar atılmalıdır.

"Beynəlxalq hüquq ədalətli dünya nizamının qurulması və inkişafı üçün yeganə etibarlı təminat olaraq qalır", - Xələf Xələfov deyib.

Prezidentin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Azərbaycanın 30 ildən artıq Ermənistanın hərbi təcavüzünün ağır nəticələrindən əziyyət çəkdiyini, lakin ölkənin ərazi bütövlüyünü və suverenliyini beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq bərpa etdiyini bildirib.

Onun sözlərinə görə, bununla Azərbaycan hərbi münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının qərarlarının həyata keçirilməsini təmin edib.

Xələf Xələfov qeyd edib ki, İkinci Qarabağ müharibəsinin nəticəsi olaraq Azərbaycan Prezidenti Ermənistan Respublikasına regionda davamlı sülh yaratmağı təklif edib və sülh prosesinin irəli aparılması üçün bütün real addımları atıb.

"Bu gün çox vacibdir ki, Ermənistan Respublikası və erməni xalqı bu tarixin məsuliyyətini düzgün qiymətləndirsin və sülhün hüquqi öhdəliklər üzərində təsbit olunması üçün bütün lazımi addımları atsın", - deyə o əlavə edib.

X.Xələfov AQEM-in Asiyada konsensus və dövlətlərin suveren bərabərliyi prinsiplərinə əsaslanaraq açıq dialoqu təşviq edən, ölkələr arasında etimadın möhkəmləndirilməsinə və çoxtərəfli əməkdaşlığın inkişafına töhfə verən mühüm platforma olduğunu bildirib.

O qeyd edib ki, Azərbaycan AQEM-ə sədrliyi dövründə müşavirənin insan inkişafı, beynəlxalq təşkilata transformasiyası və sahəvi əməkdaşlığın genişləndirilməsi, eləcə də AQEM məkanında etimadın və əməkdaşlığın möhkəmləndirilməsi istiqamətlərində mühüm töhfələr verib.

Xələf Xələfov sədrliyi dövründə AQEM Qadınlar Şurasının və AQEM Maliyyə Komitəsinin yaradıldığını, AQEM ölkələrinin aparıcı universitetlərinin tərəfdaşlıq şəbəkəsinin fəaliyyətə başladığını bildirib.

Onun sözlərinə görə, AQEM-in nizamnamə layihəsinin yenilənmiş mətni üzərində müzakirələr aparılıb, təşkilatın beynəlxalq quruma transformasiyası gündəliyi çərçivəsində yüksək səviyyəli məsləhətləşmələr davam etdirilib.

Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi qeyd edib ki, bu dövrdə iqtisadi əməkdaşlıq, iqlim və su təhlükəsizliyi, qadınların rolunun gücləndirilməsi, gənclər, təhsil, media, turizm, nəqliyyat, logistika və analitik dialoq sahələrində genişmiqyaslı tədbirlər keçirilib.

"Bu tədbirlər AQEM məkanında daha canlı, inklüziv və nəticəyönümlü əməkdaşlıq mühitinin formalaşdırılmasına şərait yaradıb", - deyə Xələf Xələfov bildirib.

O vurğulayıb ki, Azərbaycan bundan sonra da AQEM çərçivəsində qarşılıqlı etimadın və çoxtərəfli əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcək.

Xələf Xələfov oktyabrın 15-də Bakıda AQEM-in VII Zirvə görüşünün keçiriləcəyini diqqətə çatdırıb.

"Əminəm ki, bugünkü müzakirələr sammit ərəfəsində ortaq gündəliyimizi yeni ideyalarla zənginləşdirəcək, üzv dövlətlərin media qurumları arasında əlaqələri daha da möhkəmləndirəcək", - deyə o qeyd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости