Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb
Üç gün əvvəl Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlanıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə AMEA Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə Arxeologiyası şöbəsinin müdiri Akif Quliyev çərşənbə axşamı "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfransda təşkil olunan paneldə bildirib.
Şöbə müdirinin sözlərinə görə, tədqiqat işləri zamanı, kütləvi məzarlıqlarla yanaşı tək halda da insan qalıqlarına rast gəlinir.
O qeyd edib ki, burada çətin məqamlardan biri odur ki, burada müxtəlif relyeflərdə tədqiqat işləri aparılır.
"Yəni ki, bilirsiniz ki, Qarabağ ərazisi, ələlxüsus da Kəlbəcər, Laçın zonası çox sərt dağlarla əhatə olunub. Lakin bu müharibə həmin o ərazilərdə də getmişdi. Və bu gün biz, demək olar ki, hissə-hissə insan qalıqlarını bu dağlardan, sıldırım qayalıqlarından yığmağa məcburuq", - deyə Akif Quliyev bildirib.
Şöbə müdiri bildirib ki, 4 mindən artıq insan itkin sayılır.
"Azərbaycanda bu ixtisas sahəsi olmadığına görə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi bu işdə böyük yardım göstərib. Belə ki, mütəxəssislərin hazırlanmasında Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən treninqlər təşkil olunub. Avropanın bu ixtisas üzrə sözünü demiş alimləri dəvət olunmuş və onlar bizim mütəxəssislərə təlimlər keçiblər",- deyə o əlavə edib.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə baş tutur.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре