Prezidentə yazırlar: Siz bir daha sübut etdiniz ki, bütün dünyada yaşayan azərbaycanlıların qürur duyduğu lidersiniz

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir. Respublikamızın bütün guşələrindən, eləcə də xaricdən həmvətənlərimiz dövlətimizin başçısının diqqət və qayğısından razılıqlarını ifadə edirlər.

Day.Az-ın məlumatına görə, AZƏRTAC Prezidentin saytına istinadla minnətdarlıq məktublarının bir qismini təqdim edir.

Rusiyanın Krasnoyarsk diyarının Norilsk şəhərindən Elzabit Namazov yazır: "Möhtərəm cənab Prezident, mən uzun müddət doğma Vətənimdə yaşamasam da, qəlbən Azərbaycana bağlıyam. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi hakimiyyətə gəldiyiniz gündən bəri dəqiq hədəflərə hesablanmış uğurlu daxili və xarici siyasətinizi dəstəkləyirəm. Hər dəfə doğma yurduma gələndə, Azərbaycanımın inkişafını görəndə fəxr hissi duyuram. Pandemiyaya qarşı mübarizədə ciddi işlərin görülməsi üçün vaxtında göstəriş verməyiniz ölkəmizdə xəstəliyin geniş yayılmaması üçün zəmin yaratdı. Aztəminatlı ailələrə və sahibkarlara yardımlara, bu çətin dövrdə ölkə iqtisadiyyatının inkişafının qorunub saxlanılması istiqamətində qəbul etdiyiniz düzgün qərarlara görə Sizə dərin təşəkkürümü bildirirəm. Möhtərəm cənab Prezident, bu çətin günlərdə Siz bir daha sübut etdiniz ki, həqiqətən bütün dünyada yaşayan azərbaycanlıların qürur duyduğu lidersiniz. Xalqımızın firavanlığı yolunda yorulmadan çalışdığınıza görə Sizə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz adımdan və ailəmin adından təşəkkür edirəm".

Böyük Britaniyanın Kardiff şəhərindən Arzu Rzayeva: "Hörmətli cənab Prezident, mən Böyük Britaniyanın Kardiff şəhərində təhsil alan azərbaycanlı tələbələrdən biriyəm. Yaranmış pandemik vəziyyət iş yerlərinin bağlanmasına səbəb olmuş və bu hal işləyərək öz tələbatlarını ödəyən tələbələri maddi cəhətdən çox çətin vəziyyətə salmışdır. Bu çıxılmaz vəziyyətlə üzləşən tələbələrdən biri olaraq yaşadığım evin kirayə haqqını ödəməkdə çətinlik çəkdiyim üçün ölkəmizin Londondakı səfirliyinə müraciət etdim. Müraciətimdən dərhal sonra mənimlə əlaqə saxlanıldı və bir neçə gün sonra müraciətimin qəbulu ilə bağlı mənə məlumat verildi. Bank rekvizitlərim alındı və müvafiq məbləğ dərhal hesabıma daxil edildi. Beləliklə, üzləşdiyim bu çətin məsələ dövlətimizin dəstəyi sayəsində öz həllini tapdı. Hörmətli cənab Prezident, bu çətin anda bizi köməksiz qoymadığınıza və göstərdiyiniz əvəzolunmaz dəstəyə görə Sizə hədsiz minnətdarlığımı bildirirəm".

Məcburi köçkün Aysel Aslanzadə: "Hörmətli cənab Prezident, mən keçmiş Ağdərə rayonundan məcburi köçkünəm. Hazırda Bərdə rayonunda yaşayıram. Sizin diqqət və qayğınızı biz məcburi köçkünlər hər zaman hiss edirik. COVID-19 pandemiyasının dünyanı lərzəyə gətirdiyi hazırkı vaxtda Sizin necə müdrik və qayğıkeş dövlət başçısı olduğunuzu bir daha gördük. Elə bu məktubu yazmaqda əsas məqsədim də ona görədir ki, xalqımızı bu çətin bəladan qurtarmaq üçün həyata keçirdiyiniz məqsədyönlü işlər üçün Sizə dərindən təşəkkürümü bildirim. Cənab Prezident, xalqımız Sizi sevir. Siz bizim ümid və pənah yerimizsiniz".

İsmayıllı rayonunun Topçu kəndindən Sevinc Hüseyinova: "Möhtərəm cənab Prezident, mən İsmayıllı rayonunun Topçu kənd tam orta məktəbinin 8-ci sinif şagirdiyəm. Bütün dünyanı sarsıdan koronavirus zamanı ölkəmizi qoruduğunuza, bu xəstəliyə qarşı mühüm işlər gördüyünüzə, dövlətimizin yüksəlişi üçün əlinizdən gələni etdiyinizə görə Sizə təşəkkür edirəm. Digər ölkələrdə bu virus çoxsaylı tələfata səbəb olsa da, Sizin sayənizdə ölkəmizdə xəstələrin sayı azdır. Mən inanıram ki, xalqımız Sizin sayənizdə bu çətin günlərdən üzüağ çıxacaqdır. Biz birlikdə qalib olacağıq!".

Ağcabədi şəhərindən Zülfiyyə İsmayılova: "Möhtərəm cənab Prezident, mən bir Azərbaycan vətəndaşı olaraq Sizinlə fəxr edirəm. Siz Azərbaycan xalqının layiqli övladısınız. Siz xalqını sevən, hər bir vətəndaşının qayğısına qalan müdrik dövlət başçısısınız. Siz bunu COVID-19 epidemiyası dövründə bir daha sübut etdiniz. Dövlətimizin dəstəyi koronavirusla mübarizədə bizə böyük stimul verdi. Bu dövrdə dövlətin ayırdığı birdəfəlik ödəməni mən də almışam. Bu yardımın bizə ödənilməsi xalqa göstərdiyiniz qayğının daha bir nümunəsidir. Yaxşı ki, Siz Azərbaycanın Prezidentisiniz və biz hər zaman Sizin arxanızdayıq!".

Cəlilabad rayonunun sakinləri Qasım Miriyev, Vüsal Ağayev, Emil Ağayev, İlqar Ağayev, Qəyum Ağayev və Kamran Məmmədov yazırlar: "Möhtərəm cənab Prezident, Sizin xalqımıza göstərdiyiniz diqqət və qayğı bizim Kazımabad kəndinin sakinlərindən də yan keçmir. Hazırda mövsümlə əlaqədar olaraq rayonumuzun kəndlərində insanlar əkinçiliklə məşğuldurlar. Biz kəndlilər əsasən kartof əkib-becəririk. Belə bir ağır dövrdə məhsulumuzu xarici bazarlara çıxarmağımıza böyük imkanlar yaratdığınıza görə Sizə dərin minnətdarlığımızı bildiririk. Məhsullarımız iritonnajlı yük maşınları ilə xarici bazarlara daşınır. Siz həqiqətən də hər bir azərbaycanlının Prezidentisiniz! Allah Sizi qorusun!".

Salyan rayonunun Marışlı kəndindən Ərəstun Hüseynov, Şahmar Usubov, Ramil İbrahimov və Rövşən Əhmədov yazırlar: "Möhtərəm cənab Prezident, son zamanlarda pandemiya ilə əlaqədar olaraq dünyanın bir çox ölkələri iqtisadi böhrana düçar olmuşdur. Amma bu gün Azərbaycan Respublikası yüksək inkişaf nəticəsində Sizin rəhbərliyinizlə bütün çətinliklərin öhdəsindən gəlməkdədir. Təbii ki, Azərbaycanın bu cür inkişafının banisi və memarı ulu öndər Heydər Əliyev və Sizsiniz. Salyan rayonunun Marışlı kəndində asfalt yolun çəkilişi Sizin kəndlərə göstərdiyiniz diqqət və qayğının nəticəsidir. Yol mədəniyyətdir, inkişafdır. Bütün görülən bu işlər Sizin biz vətəndaşlara göstərdiyiniz qayğının nəticəsidir. Cənab Prezident, biz Marışlı kənd sakinləri Sizinlə bir daha qürur duyuruq. Sizə daha böyük uğurlar arzu edirik. Biz həmişə Sizinləyik".

Şamaxı rayonunun ağsaqqalları adından Ədilxan Zülfüqarov, Kamal Adıgözəlov, Tahir Tağıyev və Xasay İsayev dövlətimizin başçısına minnətdarlıq edərək yazırlar: "Möhtərəm cənab Prezident, dünyanı bürüyən koronavirus pandemiyası dönəmində Sizin gərgin əməyiniz nəticəsində ölkəmizdə əhalini qorumaq üçün aparılan qabaqlayıcı tədbirlər öz bəhrəsini verir. Azərbaycanda bu virusun törədə biləcəyi ağır fəsadların qarşısının alınması istiqamətində atılan hər bir addım bütün əhali tərəfindən minnətdarlıq hissi ilə qarşılanır. Səhiyyə sahəsində həyata keçirilən effektiv tədbirlər bu işlərə bilavasitə nəzarətin və fədakar əməyin nəticəsidir. Belə çətin dövrdə Sizin və Mehriban xanımın rayonumuza səfəriniz əhalimiz tərəfindən böyük sevinc və qürur hissi ilə qarşılandı.

Azərbaycan tarixində və mədəniyyətində xüsusi yeri olan Şamaxı özünün yeni çiçəklənmə dövrünü yaşayır. Bu, Sizin diqqətinizin nəticəsidir. Rayonumuzdakı tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı, tarixi abidələrə göstərdiyiniz qayğı onlara ikinci həyat verir və bizi sevindirir. Pirsaat Baba, İmadəddin Nəsiminin qardaşı Şahxəndanın türbəsi və Pir Ömər Sultan ziyarətgahlarının yenidən qurulması çərçivəsində görülən işlərə diqqətiniz isə biz şamaxılılar üçün mühüm əhəmiyyət kəsb edir. Məlum olduğu kimi, bu abidələr bütün ölkə əhalisinin və başqa ölkələrdən gələn qonaqların ziyarət etdiyi müqəddəs yerlərdir. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə son illərdə tariximizə və mədəniyyətimizə göstərilən qayğı Sizin milli mənəvi dəyərlərimizə həssas münasibətinizdən xəbər verir. Sizin şamaxılılara olan diqqətiniz hər addımda hiss olunur. Şamaxıda yeni binalar tikilir, zəlzələdən zərər çəkmiş minlərlə ev təzələnir, kəndlərə, qəsəbələrə yeni yollar salınır, ucqar kəndlər belə qazla təmin olunur, heç vaxt suyu olmayan kəndlərə su çəkilir, əhalimizə müasir avtobuslar xidmət göstərir. Çox təəssüf hissi ilə qeyd edirik ki, son zamanlarda ölkəmizdə, o cümlədən regionlarda aparılan inkişaf prosesinə kölgə salmağa çalışanlar var. Bu, ölkəmizi, Vətənimizi sevməyən, süni narazılıq yaratmaq istəyən şər qüvvələrin əməlləridir və onlar bu istəklərinə çatmayacaqlar. Əmin ola bilərsiniz ki, bütün Azərbaycan xalqı, o cümlədən şamaxılılar Sizin hər bir qərarınıza güvənir və apardığınız siyasəti dəstəkləyir. Əziz Prezidentimiz və hörmətli Mehriban xanım, Allahdan Sizə möhkəm cansağlığı, dövlətimizin və xalqımızın inkişafı naminə apardığınız şərəfli işlərinizdə müvəffəqiyyətlər arzulayırıq".

Goranboy rayonundan Cəfər İbrahimli: "Cənab Prezidentimiz, mən Goranboy rayon Mübariz Fərmanov adına Xoylu kənd tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Əlaçıyam. Koronavirus infeksiyası təhlükəsi ilə əlaqədar evdə qalmağımıza baxmayaraq, biz onlayn dərslər vasitəsilə təhsilimizdən geri qalmırıq. Bizə yaratdığınız bu şəraitə görə cənab Prezident, Sizə öz minnətdarlığımı bildirir və təşəkkür edirəm".

Cəlilabad rayonunun Muğan kəndindən Azad Dövlətov, Raqib Qürbətov, Ceyhun Rəhimov, Nusrət Filatov, İntiqam Qarayev, Cavid Qarayev, Eldar Hüseynov, Xanlar Adıgözəlov və Əfqan Dövlətov yazırlar: "Əziz və hörmətli Prezident, bu gün ölkəmizdə xalq-hakimiyyəti birliyi və həmrəyliyi müşahidə olunur. Azərbaycan xalqı pisi yaxşıdan, ağı qaradan seçməyi bacarır. Məhz Sizin düşünülmüş siyasətiniz və səyləriniz sayəsində biz kənd əhalisi davamlı sabitlik şəraitində yaşayır və fəaliyyət göstəririk. Əziz Prezidentimiz Allahdan Sizə və ailənizə möhkəm cansağlığı və fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq".

Quba rayonundan Xəyal Nuhbalayev: "Hörmətli cənab Prezident, bu ağır pandemiya günlərində xalqımızın yanında olduğunuz, qayğımıza qaldığınız, əhalinin maddi rifah halının yaxşılaşdırılması üçün hər cür tədbirlər gördüyünüz üçün mən bir Azərbaycan gənci olaraq, Sizə öz adımdan və ailəm adından təşəkkür edir, dərin minnətdarlığımızı bildiririk. Allah Sizi qorusun!".

Göygöl rayonunun Topalhəsənli kəndindən Çərkəz Həmzəyev: "Möhtərəm cənab Prezident, bütün dünyada ciddi həyəcan yaradan, yaşından, irqindən və dinindən asılı olmayaraq insanların həyatına son qoyan koronavirus pandemiyası adlı bəlaya qarşı bütün imkanlardan istifadə olunmaqdadır. Sizin bilavasitə rəhbərliyiniz altında ölkəmizdə vətəndaşların sağlamlığının qorunması naminə aparılan əvəzolunmaz tədbirləri çox yüksək qiymətləndiririk. Qısa bir zamanda yeni xəstəxanaların istifadəyə verilməsi, mövcud xəstəxanaların uyğunlaşdırılması, qoruyucu vasitələrin istehsalı, xəstələrin müalicəsi üçün tibb ocaqlarının lazımi avadanlıqlarla təmin olunması, canları bahasına xəstələri müalicə edən həkimlərin əməkhaqlarına əlavələr edilməsi, işləməyənlərə yardımların verilməsi, sosial iş yerlərinin açılması, sahibkarlara maliyyə dəstəyinin və güzəştlərin edilməsi və digər işlər çox təqdirəlayiqdir. Əziz Prezidentimiz, Azərbaycan vətəndaşları arasında itkilərin minimuma endirilməsi üçün gördüyünüz bütün işlərə görə ailəmiz adından Sizə minnətdarlığımızı bildirirəm".

Qaradağ rayonunun Lökbatan qəsəbəsindən Zara Niftiyeva: "Hörmətli cənab Prezident, Siz uğura gedən yolda daim yanımızda olub, bütün çətinliklərdə öz köməyinizi əsirgəməyən dəyərli Prezidentimizsiniz. Bu çətin və şərəfli yolda Sizə daim uğurlar arzu edirəm. Pandemiya dövründə Azərbaycan xalqına dəstəyiniz, bütün şücaətləriniz göz qarşısındadır. Biz haqlı olaraq Sizinlə fəxr edirik. Cənab Prezident, Sizə bir daha uğurlar diləyir, ailəmiz adından dərin təşəkkürümüzü bildirirəm".

Bakının Yasamal rayonundan Taleh Mansurov: "Möhtərəm Prezident, bir gənc olaraq Sizə minnətdarlıq etməyi özümə vətəndaşlıq borcu bilərək bu təşəkkür məktubunu ünvanlayıram. Hörmətli Ali Baş Komandan, dünyamız həm siyasi, həm iqtisadi, həm də tibbi baxımdan ağır sınaqdan keçir. Dünyada supergüc hesab edilən ölkələrdə pandemiyanın ağır nəticələri artıq özünü göstərməyə başlayır. Dünyanın bu mənzərəsi fonunda ölkəmizdəki sabitlik, dövlətin vətəndaşlara yardımları Azərbaycanın bu pandemiyadan ən az zərərlə çıxacağının göstəricisidir. Bu gücün əsas səbəbi Sizin xalqımıza olan sevginiz, güclü iradənizdir. Danılmaz faktdır ki, Siz və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva dövlətimiz və xalqımız üçün bütün gücünüzlə çalışırsınız. Mən də bir Azərbaycan gənci olaraq daim Sizin siyasətinizi dəstəkləyir, Vətənim, dövlətim üçün layiqli gənc olmağa çalışıram. Tanrı Sizləri qorusun!".