Aktrisa Mehriban Hüseynova: "Xeyir, sevmədim. Ailə qurmadım"

Day.Az представляет новость на азербайджанском языке.

Gənc Tamaşaçılar Teatrının aktrisası Mehriban Hüseynovanın Milli.Az-a müsahibəsi.

- Necə oldu ki, aktrisa olmaq qərarına gəldiniz?

- Mən hələ kiçik yaşlarımdan bu peşənin xəyalı ilə yaşamışam. Bu sənətin vurğununa çevrilmişəm. İncəsənətə olan marağım və həvəsim məni bu sahəyə yönəltdi. Nəhayət, məktəbi bitirəndən sonra sənədlərimi Dövlət Mədəniyyət və İncəsənət Universitetinə verib oraya qəbul olundum.

- Artıq neçə ildir ki, səhnədəsiniz?

- 1999-cu ildən etibarən böyük səhnədə fəaliyyət göstərirəm.

- İlk çalışdığınız teatr Gənc Tamaşaçılar Teatrı olub?

- Bəli, ilk dəfə bu teatrda işə başlamışam və o gündən bu günə qədər də işimi burada davam etdirirəm.

- Teatra gəlişinizi necə xatırlayırsınız?

- İndiyə qədər yadımdadır, mən bir ara hər şeydən soyumuşdum. Ümumiyyətlə, demək olar ki, aktrisa kimi fəaliyyət göstərmək fikrim də yox idi. Ofislərin birində çalışırdım. Bir gün yaxın dostlarım qolumdan tutub məni Gənc Tamaşaçılar Teatrının rəhbərliyinin otağına qaldırdılar. Əvvəlcədən demişdilər ki, sənin kimi aktrisanı teatrın aktyor heyətinə rəhbərlik "gözüyumulu" cəlb edəcək. Elə də oldu, mən teatrın heyətinə qatıldım.

- Bir ara hər şeydən soyumuşdum dediniz. Buna səbəb nə idi?

- Sevdiyim insanın rəhmətə getməsi. O, şəhid oldu. Biz onunla artıq nişanlanmaq üzrə idik. Onun dünyadan köçməsi məndə böyük bir ruh düşkünlüyü yaratmışdı.

- Onun sizin sənətinizə münasibəti necə idi?

- Əslində normal idi, lakin bir çox şeylərdə mənə məhdudiyyətlər qoyurdu. Bəlkə də onun nəticəsidir ki, mən bu gün səhətdə daha da yüksəklərdə qərar tuta bilməmişəm. Ancaq hər şey qabaqdadır. Ümid edirəm ki, yaxşı olacaq.

- Ondan sonra heç kimi sevmədiniz?

- Xeyir, sevmədim. Ailə qurmadım.

- Niyə?

- Bilmirəm, bəlkə də onun kimi, o xarakterdə bir insan qabağıma çıxmadığına görə.

- Ümumiyyətlə, ailə qurmaq fikriniz yoxdur?

- Var. Ailə gözəl məfhumdur. İnşallah, qismət...

- Sizə elçi düşənlər az deyil, yəqin ki...

- Kifayət qədər elçi düşənlərim var (gülür). Lakin ya yaşımızda, ya xarakterimizdə və s. uyğunsuzluq olur.

- Hansı obrazı oynamaq istərdiniz?

- Mənim üçün obrazın fərqi yoxdur. Amma tarixi filmlərdə çəkilmək ən böyük arzularımdan biridir.

- Xarici film, ya da seriallardan dəvət almısınız?

- Sözün düzü, elə də ciddi bir təklif almamışam.

- Bəs bizim seriallardan, yaxud filmlərdən necə, tez-tez təkliflər alırsınız, yoxsa?..

- Alanda alıram. Sonuncu dəfə "Qisas" serialına çəkildim. Çəkilişlər artıq bitib.

- Filmlərdən aldığınız qonorar size qane edirmi?

- Qətiyyən qane etmir. Çəkdiyimiz əziyyətin qarşılığında aldığımız qonorar həddindən artıq azdır.

- Açıq-saçıq səhnələrə çəkilərsiniz?

- Xeyr, çəkilmərəm. Xasiyyətim buna imkan verməz. Lakin ola bilər ki, vacib olduğu təqdirdə hansısa bir öpüş səhnəsini canlandırım. O da həddi aşmamaq şərti ilə.

- Belə təklif almısınız?

- Bəli, bir dəfə bir filmdən dəvət aldım. Özü də tək mən yox, bir çox aktrisalarımız da dəvət almışdılar. Filmin bir yerində soyunmaq lazım idi. Mən qətiyyətlə çəkilməyəcəyimi dedim.

- Bəs teatr səhnəsində belə rollar oynayarsınız?

- Tamaşa olub ki, orada belə səhnənin olması planlaşdırılıb. Lakin məşq prosesində tərəf-müqabilimin istər-istəməz mənə daha yaxın olmaq istədiyini hiss etmişəm və öz iradımı bildirmişəm. Həmin tamaşa sonralar səhnələşdirilmədi.

- Hissiyyatınız çox güclüdür?

- Bəli, hədsiz dərəcədə hissiyyatlı bir insanam. İnsanların üzünə baxmaqla onların niyyətlərini başa düşə bilirəm. Kim mənə qarşı oyun oynayır, quyu qazır, yaxud da qazmaq istəyir və s. - hamısını qabaqcadan hiss edirəm.

- Mən hiss edirəm ki... Bu fikri necə tamamlamaq istərdiniz?

- Mən hiss edirəm ki, hər şey yaxşı olacaq. Ürəyimdə olan arzularım bir gün gerçəyə çevriləcək.

Milli.Az