İlham Namiq Kamalın şərəfinə futbol matçı keçirildi: Məşhurlar meydana çıxdı

Azərbaycanın xalq artisti,"Şöhrət" ordenli aktyor, professor İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş futbol matçı keçirilib.

Day.Az Yenicag.az-a istinadla xəbər verir ki, "Neftçi"nin köhnə bazasının stadionunda baş tutan qarşılaşmada Azərbaycanın veteran futbolçuları ilə idman jurnalistləri üz-üzə gəlib.

Veteran futbolçuların heyəti Hüseyn Məhəmmədov, Mahir Şükürov, Zaur Ramazanov, Ramiz Məmmədov, Rəşad Abdullayev, Əli Abışov kimi dönəminin məşhur oyunçularından formalaşıb. Media nümayəndələrinin komandasında isə idman jurnalistikasının tanınmış simaları çıxış edib.

Oyundan öncə iştirakçıları salamlayan Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayev İlham Namiq Kamalı təbrik edərək, ona xoş arzularını çatdırıb. "Futbol+" qəzetinin baş redaktoru Mahir Rüstəmli də çıxışında təbriklərə qoşulub, belə bir gündə bir araya gəlməyin məmnunluğundan söz açıb. Daha sonra xalq artistinə xatirə hədiyyələri təqdim olunub.

Komandaların görüşü İlham Namiq Kamalın topa simvolik toxunuşu ilə başlayıb. Gərgin və maraqlı keçən qarşılaşma futbol veteranlarının 4:1 hesablı qələbəsi ilə başa çatıb. Oyundan sonra komandalar iftar süfrəsində bir araya gəliblər.

Qeyd edək ki, iyunun 12-də Akademik Musiqili Teatrın səhnəsində İlham Namiq Kamalın 70 illiyinə həsr olunmuş təntənəli yubiley gecəsi keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.