Formula 1-ə görə piyadaların hərəkətinə məhdudiyyət qoyulacaq?

Hər il olduğu kimi, bu il də 2023-cü il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Day.Az xəbər verir ki, bunu Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Turab Teymurov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

"Piyadalar halqa ətrafında yerləşən Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində quraşdırılan müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınacaq keçid isə daimi olaraq quraşdırılıb.

Bundan əlavə, yarış həftəsi ərzində trekin əhatə etdiyi bəzi yollar əhalinin istifadəsi üçün açılacaq", - deyə T.Teymurov qeyd edib.
O bildirib ki, zolağının Neftçilər prospektinin Azneft dairəsindən Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlaliyyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi yalnız birtərəfli olmaqla bazar ertəsi 24 aprel tarixindən şənbə günü 29 aprel tarixinədək müəyyən saatlarda nəqliyyatın hərəkətinə açıq olacaq.

"Belə ki, 24-25-26 aprel tarixlərində səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 18:00-dan 20:00-dək sözügedən yollarda (Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi və İstiqlalliyət küçəsinin Şeyx Şamil küçəsindən Azərbaycan prospektinə qədər olan hissəsi) yalnız birtərəfli olmaqla nəqliyyatın hərəkəti dayanma və durma olmadan sərbəst olacaq.

27 aprel tarixində Neftçilər prospektinin Azneft dairəsindən yalnız Dəniz Vağzalı istiqamətində olan hissəsi yalnız birtərəfli olmaqla səhər saatlarında 07:00-dan 09:00-dək, axşam saatlarında isə 20:00-dan 22:00-dək açıq olacaq. 28-29 aprel tarixlərində isə burada nəqliyyatın hərəkəti yalnız axşam saatlarında 20:00-dan 22:00-dək mümkün olacaq.

BŞH sürücülərə bildirir ki, qeyd olunan yollar yalnız tranzit dəhlizi kimi istifadə ediləcək və bu yollarda nəqliyyatın hərəkəti yalnız bir istiqamətdə mümkün olacaq. Maşınların burada dayanması və ya parkinqi təhlükəsizlik baxımından tamamilə qadağandır. Bundan başqa, həmin yollarda ağır tonnajlı yük maşınlarının və ictimai nəqliyyatın hərəkəti istisna edilir.

Qeyd edək ki, sözügedən yollarda sürət həddi 50 km/saat olaraq müəyyən edilmişdir. Bu yollardakı nəqliyyatın hərəkətini BŞH və aidiyyəti güc strukturları birgə tənzimləyəcək.

Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BSH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.