"İstənilən insident münaqişənin kəskinləşməsinə səbəb ola bilər"

Day.Az представляет новость на азербайджанском языке

Yunanıstanın sabiq Xarici İşlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dora Bakoyannis atəşkəsin əldə edilməsindən məmnundur.

Diasporla İş üzrə Dövlət Komitəsindən Day.Az-a verilən məlumata görə, son günlər Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirdiyi təxribatlarla bağlı Yunanıstanın sabiq Xarici işlər naziri, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Dora Bakoyannis açıqlama verib.

Bildirilir ki, açıqlamada baş verənlər son 20 ildə təsadüf edilən ən ciddi hadisələr olaraq dəyərləndirilib.

Xanım Bakoyannis tərəflər arasında atəşkəsin əldə edilməsindən məmnunluğunu ifadə edərək atəşkəsə əməl olunmasının vacibliyini vurğulayıb. "İstənilən xırda insident münaqişənin kəskinləşməsinə səbəb ola bilər. Hesab edirəm ki, hər iki tərəf vəziyyət üzərində nəzarəti əldən verməyəcək. Əks təqdirdə, vəziyyət regionda arzuolunmaz nəticələrə səbəb ola bilər" - deyə o nəzərə çatdırıb.

Açıqlamada həmçinin, ATƏT-in Minsk Qrupunun problemin sülh vasitəsilə həlli yolundakı cəhdləri, ABŞ, Rusiya və Fransadan olan həmsədrlərin bu məsələylə bağlı səyləri diqqətə çatdırılıb, müvafiq razılığa gəlmək üçün beynəlxalq birliyin dəstəyinin vacibliyi bildirilib.

"Ermənistan və Azərbaycan arasında müntəzəm olaraq dövlət başçıları və xarici işlər nazirləri səviyyəsində bu mürəkkəb problemin həlli məqsədilə görüşlər keçirilib. Bundan əlavə, münaqişənin həlli istiqamətində müvafiq təkliflər irəli sürülüb, xüsusi planlar hazırlanıb. Lakin problem həll olunmadığından biz daha təhlükəli və gərgin vəziyyətin şahidi oluruq" - deyə o vurğulayıb.

"2009-cu ildə ATƏT sədri olaraq mən bu problemlə yaxından tanışam və hesab edirəm ki, biz müvafiq səviyyədə mütəşəkkil qaydada fəaliyyət göstərsək problemin sülh yoluyla həllinə nail ola bilərik" - deyə sabiq nazir söyləyib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.