Azərbaycanlı aktrisa: "Xəyanəti yoldaşıma bağışlayaram"

Day.Az представляет новость на азербайджанском языке

Aktrisa Gültac Əlilinin Milli.Az-a müsahibəsi.

- Gültac xanım, iki uşaq anasısınız. Övladlarınız və ailəniz işlərinizə az zaman ayırmağınıza səbəb olmur ki?

- Təbii ki, uşaqlarla bir az çətindir, amma onlarla məşğul olan dayə var deyə bütün bu çətinliklər nisbətən asanlaşır. Çalışıram ki, həm evdə, həm də işdə balansı qoruyub saxlayım. Mənim bu qədər işimin içində mənəvi dayağım ailəmdir. İnsanı sevən, ona sadiq olan həyat yoldaşının olmasından, yolunu səbirsizlikə gözləyən balalarının olmasından gözəl nə ola bilər ki? Allah bizim ailəmizdən və xoşbəxtliyimizdən arzusunda olanlara nəsib etsin.

- Amma ailənin işlə bir arada mümkünsüzlüyünü rəhbər tutub, illərdir qurduqları ailəni bir göz qırpımında dağıdanlar da az deyil.

- Əsla, siz nə danışırsınız? Əgər ailədə hər şey normaldırsa, illah da həyat yoldaşın səni anlayıb, dəyər verirsə, niyə ailən dağılmalıdır ki? Bu səbəblər varsa, ailə dağıdanları başa düşə bilmirəm.

- Gültac, bilirəm ki, siz xınayaxdı mərasimlərinə gedirsiniz. Yoldaşınız Hüseyn Əlili isə teatrdan əlavə toylarda müğənnilik edir. Hansınız daha çox qazanc əldə edirsiniz?

- Bizim evdə "sənin", "mənim" deyə bir söz yoxdur. Hər ikimiz ailəmiz üçün çalışırıq. Elə ay olur ki, o çox qazanır, elə ay olur ki, mən. Hər ikimizin məqsədi balalarımızı böyütmək, onlara istədikləri həyatı yaşatmaqdır. Şükür Allaha, kiməsə möhtac deyilik. Bir evimiz yoxdur, o da inşallah olar.

- Kirayə qalırsınız?

- Bəli,artıq 2 ildir ki, kirayə qalırıq.

- Adətən qızlar evi olmayan oğlana ərə getmirlər. Bəs siz necə razılıq verdiniz?

- Biz evlənəndə Hüseynin valideynlərinin evi var idi, amma şəxsi evimiz yox idi.Sadəcə biz sonradan ayrı yaşamaq qərarına gəldik. Mənim ən böyük sərvətim, 2 mərtəbəli evim mənim ailəmdir. Onsuz da hamımız bu dünyada kirayədə qalırıq. İnşallah, bir dəfə bu müsahibəni məndən yeni evimdə alarsınız.

- Hüseynin hansı xasiyyəti ona "hə" deməyə səbəb oldu?

- Biz teatrda tanış olub, evlənmişik.Hüseyn sözün əsl mənasında adam kimi adamdır. Mən də normal insan olduğum üçün onun bu xüsusiyyətini dəyərləndirdim. Heç peşman da deyiləm.

- Qısqanclığı varmı?

- Biz onunla evlənəndə hər şeyi danışıb anlaşmışıq. Mən ona demişəm ki, xəyanəti sənə bağışlayaram, amma siqaret çəkməyi və qısqanclığı sənə bağışlamaram. Onun özünə də demişəm ki, o gün hiss etdin ki, sənə məndən maraqlı olan bir adam var, gəl mənim özümə de, başqalarından eşitməyim. O ki, qaldı qısqanclığa... Qısqanclıq məni həyatdan bezdirən qüvvə ola bilər. Mən hətta qısqanclığa görə ayrıla da bilərdim.

- Səhnədə təbii ki, qısqanclıq unudulur. Siz də, yoldaşınız da həmkarı ilə tərəf müqabili ola bilər.

 

- Əlbəttə, bütün bunlar səhnədə obrazların timsalında baş verir.

- Hüseyn səhnədə, yoxsa həyatda tərəf müqabili kimi sizə daha çox maraqlıdır?

- Hər ikisi maraqlıdır. O mükəmməl insan, maraqlı aktyordur. Biz eyni tamaşada ər və arvadı oynamışıq. Bizim ər-arvad olmağımız rejissora daha da çox imkan yaratdı ki, fikirlərini sərbəst tətbiq etsin.

- Yoldaşınızın səhnədə qadın həmkarı ilə öpüşməsini necə qarşılayarsınız?

- Çox yaxşı. Əgər bu onun sənət karyerasına uğur gətirəcəksə, əgər o bunu mükəmməl səviyyədə edəcəksə niyə də etməsin?

- Həyat yoldaşınız sizə bu mövzularda sərhəd qoyub?

- Bəli, mənə olmaz. Olsa da müəyyən həddə qədər olar.

- Əslində aktrisa bütün rolları oynamalıdır.

- Bəli, amma onu da unutmamalıyıq ki, biz müsəlman ölkəsində yaşayırıq.

- Amma bir çox aktrisalar açıq-saçıq rolları və geyimləri ilə artıq baryerləri çoxdan aşıb. Maraqlıdır siz hələ də bunları qəbul etmirsiniz?

- Hər kəsin öz həyatı var. Mən sənətimlə, oynadığım tamaşalarla, idarə etdiyim möhtəşəm məclis və tədbirlərlə gündəmdə olmaq və insanların sevgisini qazanmaq istəyirəm. Buna da az da olsa nail olmuşam.

- Övladlarınızın gələcəkdə bu sənətlə məşğul olmasını istəyərsiniz?

- Əsla! Amma həyatdır da. Gələcəkdə israrla istəsələr, mən də onların seçiminə hörmətlə yanaşacağam.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.