Bakıda dəhşətli zəlzələ gözlənilir? Day.Az представляет новость на азербайджанском языке.

ABŞ-ın Massaçusets Texnoloji İnstitutunun (MIT) alimlərinə istinadən Bakıda və Şamaxıda Azərbaycanın əhalisi və neft infrastrukturuna, eləcə də regionun vəziyyətinə təsiretmə imkanında olacaq zəlzələnin başvermə ehtimalı barədə məlumatlar yayılıb.

Məlumatlara görə, amerikalı alimlər Bakıda zəlzələ baş verəcəyi təqdirdə, bunun yüzminlərlə insanın ölümü ilə nəticələnəcəyini iddia ediblər. Məsələ ilə bağlı AzNews.az-a açıqlama verən AMEA-nın Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişlinin sözlərinə görə, bir müddət əvvəl də amerikalı mütəxəssislərin adından güclü zəlzələ olacağı barədə informasiyalar yayılıb: "Halbuki onlar sadəcə, Abşeronun cənubunda gərginliyin olduğunu bildirmişdilər.

Hazırda ölkədə seysmiklik fon səviyyəsindədir. Narahatlıq üçün heç bir əsas yoxdur". Sözügedən İnstitutun Azərbaycanla bağlı məlumatları nəyə əsasən verdiyinə gəlincə, Q.Yetirmişli bildirib ki, qurum AMEA-nın Geologiya İnstitutu ilə birlikdə tədqiqatlar aparır: "Bu iki qurum 1998-ci ildən bəri əməkdaşlıq edir. Onlar litosferdəki istiqamətləri öyrənirlər, elmi araşdırmalar aparır və məqalələrlə çıxış edirlər. Təbii ki, bu araşdırmalar zamanı müəyyən zonalardakı gərginliklə bağlı da informasiyalar verilir. Ancaq zəlzələnin əvvəlcədən proqnozlaşdırılması mümkün deyil".

/AzNews.az/