Nərimanov rayonunda yeni pilot layihənin icrasına başlanılıb

Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamenti tərəfindən Nərimanov rayonunda yeni pilot layihə - bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsinin ən müasir səviyyədə təşkil edilməsi layihəsinin icrasına başlanılıb.

Bakı Şəhər İcra Hakimiyyətindən Day.Az-a verilən məlumata görə, layihə Böyük Britaniyanın tanınmış "Mott MacDonald" şirkəti ilə birgə hazırlanıb və həyata keçirilir.

Hazırlıq dövründə Bakı Şəhər və Nərimanov Rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, bələdiyyə, təsərrüfat xidmətləri, gənclər, könüllülər fəal iştirakı ilə məhəllə və həyətlərdə sakinlərlə maarifləndirici-izahedici görüşlər keçirilib, yeni layihə barədə vətəndaşlara ətraflı məlumat verilib.

İşlər çərçivəsində rayonun hər bir məhəlləsində məişət tullantıları üçün yaradılan meydançalara 2 rəngdə - yaşıl və narıncı rəngdə yeni, müasir konteynerlər quraşdırılıb. Sakinlərin rahatlığı üçün ilkin mərhələdə hər mənzilə 2 cür yaşıl və narıncı çeşidləyici paketlər və izahedici bukletlər paylanılıb, bloklara, həyətlərə, binalara maarifləndirici reklamlar yapışdırılıb. Əraziyə cavabdehlər təyin olunub, könüllülər gündəlik maarifləndirmə işlərini davam etdirir. Sanitar-gigiyena tələblərinə uyğun mütəmadi olaraq konteynerlər yuyulur, meydançalar dezinfeksiya edilir.

Layihənin həyata keçirilməsinin ilk günləri öz müsbət nəticələrini verib. Artıq rayondakı çeşidləmə mərkəzinə daxil olan təkrar emal tullantıların həcmində artım müşahidə olunur. Bunu Konsepsiyanı hazırlayan "Mott MacDonald" şirkətinin məsul nümayəndəsi də xüsusi qeyd edib.

Konsepsiyanın həyata keçirilməsi sürətlə davam edir, gələcəkdə onun digər rayonlarda da tətbiq olunacağı nəzərdə tutulub.

Layihə şəhərin təmiz saxlanılması, gözəlləşməsi, ətraf mühitin və sağlamlığınızın qorunması, yeni ekoloji, sanitar mədəniyyətin formalaşması və iqtisadi səmərə əldə olunmasına xidmət edəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.