Azərbaycan-Türkiyə əlaqələrinin müasir inkişaf səviyyəsi regionumuzun yeni siyasi və iqtisadi münasibətləri formalaşdırır

Azərbaycan-Türkiyə əlaqələrinin müasir inkişaf səviyyəsi regionumuzun yeni siyasi və iqtisadi münasibətləri formalaşdırır. Azərbaycan və Türkiyə heç vaxt olmadığı qədər birgə, əmin addımlarla irəliləyir.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

"Münasibətlərin inkişafının göstəricisidir ki, artıq iki qardaş ölkə bir sıra nəhəng layihələrə imza atır, dünyanın iqtisadi sistemində söz sahibinə çevrilib", - o əlavə edib.

S.Mikayılova bildirib ki, iki qardaş ölkə arasında əlaqələrin hazırkı səviyyəsi, sözsüz ki, Azərbaycan və Türkiyə liderlərinin yorulmaz əməyinin nəticəsidir.

"Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında olan sıx dostluq, qardaşlıq münasibətləri iki dövlətin, iki millətin də münasibətlərinə öz müsbət təsirini göstərib. İkinci Qarabağ müharibəsində Türkiyənin ilk saatlardan Azərbaycanın yanında olması və sonrakı proseslərdə də bunu ifadə etməsi, Azərbaycana verilən mənəvi dəstək xalqımız tərəfindən heç zaman unudulmayacaq", - deyə S.Mikayılova əlavə edib.

Onun sözlərinə görə, Prezidentlərin Naxçıvanda görüşü zamanı təməli qoyulan İğdır-Naxçıvan qaz kəməri, eləcə də, dəmir yolu xətti layihələri regional sabitliyə xidmət edəcək.

"İğdır-Naxçıvan qaz kəmərinin çəkilişi qardaşlıq münasibətlərimizin tarixində önəmli hadisədir, ölkələrimiz arasında əlaqələrin inkişafına yeni təkan verəcək. Digər müzakirə olunan önəmli məsələ isə Bakı-Tbilisi-Qars dəmir yolunun yükdaşıma qabiliyyətinin artırılmasıdır. Yaxın aylarda bu yolun ötürücülük imkanları 1 milyondan 5 milyon tona qədər artırılacaq.

Eyni zamanda, Azərbaycanı Türkiyə ilə birləşdirəcək dəmir yolu xəttinin gələn ilin sonunda başa çatdırılması isə ölkələrimzin nəqliyyat sisteminin daha da genişlənməsini təmin edəcək", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova qeyd edib ki, Azərbaycan və Türkiyə nəticəli fəaliyyəti, həyata keçirdiyi layihələrlə regionun yeni nəqliyyat mənzərəsini formalaşdırır. Qars-Naxçıvan dəmir yolunun inşasına dair niyyət protokolunun imzalanması da bu planın tərkib hissəsidir.

S.Mikayılova bildirib ki, iki qardaş ölkə arasında ticarət dövriyyəsi də sürətlə artmaqdadır və hazırda rəqəm ifadəsində 6 milyard dolları üstələyir.

"Bu ilin yeddi ayında qarşılıqlı ticarət dövriyyəsi 40 faiz artıb. İndi hədəf ticarət dövriyyəsini 15 milyard dollara çatdırmaqdır. Düşünürük ki, pozitiv dinamikanın inkişafı fonunda birgə səylərlə, əminik ki, bu hədəfə də nail olunacaq", - deyə Sevil Mikayılova əlavə edib.

"Əlavə olaraq onu da qeyd edək ki, Zəngəzur dəhlizinin gələcəkdə işə salınması ilə Azərbaycan və Türkiyənin iqtisadi təşəbbüsləri daha geniş nəqliyyat arteriyasının yaranmasına gətirib çıxaracaq. Qarşıya qoyulan hədəflər xalqlarımızın rifahı, təhlükəsizliyi və tərəqqisini təmin edəcəq və gələcək nəsillərin daha güvənli həyatı üçün möhkəm özül formlaşdırır", - deyə S.Mikayılova bildirib.