Azərbaycan Rumıniya üçün Cənubi Qafqazda strateji, yaxın və etibarlı tərəfdaşdır - Klaus Verner İohannis
Rumıniya Prezidenti Klaus Verner İohannis növbədənkənar prezident seçkilərində qazandığı inamlı qələbə münasibətilə Prezident İlham Əliyevi təbrik edib.
Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Rumıniya Prezidenti təbrik məktubunda qeyd edib:
"Rumıniya ilə Azərbaycan arasında həm ikitərəfli, həm də regional miqyasda davam edən çoxsaylı layihələr qarşılıqlı münasibətlərimizin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Azərbaycan Rumıniya üçün Cənubi Qafqaz regionunda strateji, yaxın və etibarlı tərəfdaşdır".
Rumıniyanın iki ölkə arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə və dərinləşməsinə sadiqliyini bir daha təsdiqlədiyini vurğulayan Klaus Verner İohannis bildirib:
"Rumıniya və Azərbaycanın davamlı səylərlə enerji, nəqliyyat, təhsil, ticarət və investisiyalar kimi xüsusi önəm daşıyan sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi imkanlarından tam yararlanacağına əminəm.
Eyni zamanda, Rumıniya Azərbaycan ilə Avropa İttifaqı arasındakı dialoqun davamlı və hərtərəfli inkişafı üçün fəaliyyətini davam etdirəcəkdir".
Sonra Prezident İohannis ölkələrimiz arasında strateji tərəfdaşlığı dərinləşdirmək məqsədilə dövlətimizin başçısını bu il Rumıniyaya rəsmi səfərə dəvət edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре