"Azərbaycan muğamı" layihəsi çərçivəsində "Rast" dəstgahı təqdim olunub - FOTO
!["Azərbaycan muğamı" layihəsi çərçivəsində "Rast" dəstgahı təqdim olunub](https://img.day.az/2025/02/15/800x550/1263715_(7).jpg)
Beynəlxalq Muğam Mərkəzinin "Azərbaycan muğamı" layihəsi çərçivəsində təqdim etdiyi "Muğam dəstgahları"nda "Rast" dəstgahı təqdim olunub. Fevralın 12-də gerçəkləşən konsert proqramında Muğam Televiziya Müsabiqəsinin laureatları Məhəbbət Səfərov, Xəyal Hüseynov və Mirəli Sarızadə çıxış ediblər.
Day.Az xəbər verir ki, konsertdən əvvəl Beynəlxalq Muğam Mərkəzinin direktoru, Əməkdar artist Sahib Paşazadə bildirib ki, layihədə təqdim edilən muğamlar və dəstgahlar haqqında ifalardan əvvəl qısa xülasə verilir bu da muğamla ilk tanışlığı olan dinləyicilərdə həmin dəstgah haqqında dolğun məlumat yaradır. Direktor onu da diqqətə çatdırıb ki, Azərbaycan muğamının səciyyəvi cəhətlərindən biri də onun dramaturji xəttlə ifa olunmasıdır. Zildən bəmə, pillə-pillə hər şöbə və guşələr arasında kiçik təsnif, rəng və dəramədlər olmaqla dinləyicini mərhələli şəkildə bir şöbədən digərinə hazırlayır. Direktor həmçinin vurğulayıb ki, bizim ən vacib missiyalarımızdan biri əcdadlarımızdan bizə miras qalan muğamlarımızı gələcək nəslə ötürməkdir. "Muğam dəstgahları" layihəsi də məhz bu amala xidmət edir. Biz ənənəni qoruyaraq ustad sənətkarlardan öyrənilən muğamları, klassik formada, düzgün və olduğu kimi ötürməliyik. Sevindirici hal həm də odur ki, "Rast" muğamını təqdim edəcək hər üç xanəndə Muğam Televizya Müsabiqəsinin laureatlarıdır. Onların hər üçü eyni müəllimin, Əməkdar artist, pedaqoq Təyyar Bayramovun tələbəsidir.
Xalq artisti, professor Vamiq Məmmədəliyev "Rast" haqqında dəyərli tövsiyyələrinin gənc ifaçılar üçün böyük önəm kəsb etdiyini deyib, dövlətimizin muğam sənətinə göstərdiyi diqqətdən söz açıb.
Müsabiqələr nəticəsində neçə-neçə istedadlı xanəndənin yetişdiyini diqqətə çatdırıb. "Rast"ın şöbələri haqqında məlumat verərək bu muğamın çox qədim olduğunu, uzun bir yol gəlməsinə baxmayaraq öz tonallığını qoruduğunu və müasir günümüzdə muğam sənətinin tədrisində "Rast"ın proqram üzrə tələbələrə öyrənildiyini qeyd edib. O, həmçinin hər ifaçının səsində öz məlahətində səslənən "Rast" ın görkəmli xanəndələr Məşədi Məmməd Fərzəliyev, Xan Şuşinski, Yaqub Məmmədov, Hacıbaba Hüseynov, Ağaxan Abdullayev ,Vahid Abdullayev və tanınmış xanəndələrimizin ifasında səs xəzinəmizə daxil olduğunu , mərdlik , dürüstüslük rəmzi etiva etdiyini də xüsusi vurğulayıb.
Daha sonra xanəndələrin ifası dinlənilib. Konsert tamaşaçıların böyük rəğbəti və alqışları ilə qarşılanıb. Qeyd edək ki, layihənin məqsədi klassik ifaçılıq məktəbimizin yaşadılması və gələcək nəsillərə ötürülməsidir.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре