Dövlət Proqramı aqrar sektorun yeni inkişaf modelini müəyyən edir

"Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Şəmkirdə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nın müzakirəsi ilə bağlı Qazax-Tovuz iqtisadi rayonu üzrə regional müşavirədə deyib.

"Bu proqram qarşıdakı dövr üçün aqrar sektorun yeni inkişaf modelini müəyyən edən strateji sənəddir və aqrar sahədə məhsul istehsalının artırılması, resurslardan səmərəli istifadə, emal və ixrac imkanlarının genişləndirilməsi, dəyər zəncirlərinin, həmçinin balıqçılıq və akvakultura sahələrinin inkişafının yeni mərhələyə keçirilməsi baxımından mühüm yol xəritəsi kimi çıxış edir. Əsas hədəf, sadəcə istehsal həcmini artırmaq deyil, hər hektardan daha yüksək və keyfiyyətli məhsul əldə etmək, yəni aqrar sahədə ekstensiv yanaşmadan intensiv inkişafa keçidin təmin olunmasıdır", - deyə Natiq Əmirov bildirib.

O, Dövlət Proqramının istiqamətlərini də izah edib.

"Dövlət Proqramı, 2026-2030-cu illərdə kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində dayanıqlı inkişafın təmin edilməsini, ərzaq təhlükəsizliyinin gücləndirilməsini, daxili istehsal potensialının, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılmasını, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur", - Natiq Əmirov qeyd edib.

O əlavə edib ki, 2015-2025-ci illərdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birbaşa rəhbərliyi və şəxsi nəzarəti ilə ölkədə aqrar sahənin inkişafı ilə bağlı inqilabi islahatlar həyata keçirilib.

"Bu dövr ərzində üzümçülük, çayçılıq, çəltikçilik, sitrusçuluq, fındıqçılıq, tütünçülük, baramaçılıq və pambıqçılığın inkişafına dair dövlət proqramları qəbul edilib. Aqrar sahəyə dövlət dəstəyi artırılıb, görülən tədbirlər nəticəsində pambıqçılıq, tütünçülük, üzümçülük və şərabçılıq kimi ənənəvi sahələrdə istehsal və ixrac potensialı əhəmiyyətli dərəcədə artıb, bir sıra əsas məhsullar üzrə özünütəminetmə səviyyəsi yaxşılaşıb, meyvə-tərəvəz və yumurta üzrə tam özünütəminetmə səviyyəsinə nail olunub. Ət, süd, balıq və kartof məhsulları üzrə də özünütəminetmə səviyyəsində müsbət dinamika müşahidə olunub. Əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi üçün bir çox iri layihələr icra edilib, müasir suvarma sistemlərinin tətbiqi genişləndirilib, böyük su anbarları inşa edilib, suvarma kanalları yenidən qurulmuş və bu proses hazırda da davam etdirilir. Kənd təsərrüfatı sahəsinin texnika ilə təminatı istiqamətində çox böyük işlər görülüb, texnika parkı demək olar ki, tam yenilənib", - deyə Natiq Əmirov bildirib.

Qeyd edək ki, regional müşavirələr Mərkəzi Aran, Dağlıq Şirvan, Gəncə-Daşkəsən, Qarabağ, Şərqi Zəngəzur və digər iqtisadi rayonları əhatə edir. Bu görüşlər Prezident İlham Əliyevin sədrliyi ilə cari ilin mayın 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə verilmiş tapşırıqların icrası, eləcə də Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin regionlarda əlaqələndirilmiş, operativ və səmərəli həyata keçirilməsinin təmin olunması məqsədilə mərhələli şəkildə təşkil edilir.