Fransa kimi havadarlarından ilhamlanan Ermənistan Qafqazda səs küy yaratmaq niyyətindədir

Ermənistanın son vaxtlar hiss olunan revanşizm əhval ruhiyyəsi yenidən regionda problemlər yarada bilər. Azərbaycan torpaqlarını işğaldan azad etməklə beynəlxalq hüquq çərçivəsində Cənubi Qafqazdakı mövcud problemləri həll etdi. Biz artıq Ermənistana sülh əlimizi də uzatmışıq. Ancaq görünür, dəmir yumruğu xalqına unutdurmağa çalışan Paşinyan reytinq xatirinə yenidən səhvə yol vermək istəyir. Fransa kimi havadarlarından ilhamlanan kiçik bacı Qafqazda səs küy yaratmaq niyyətindədir.

Bunu Trend-ə açıqlamasında deputat Vüqar İskəndərov deyib.

O qeyd edib ki, əslində burada Ermənistan konkret olaraq maşa rolunu oynayır:

"Çünki Fransa və Avropa İttifaqı Ukraynada qazana bilmədiyi uğurunun təlafisini Qafqazda etmək istəyir. Xüsusilə Rusiyanın diqqətini bu istiqamətə çəkməklə sərhədlərinə yaxın ərazidə yeni münaqişə ocaqlarını yaratmağı planlaşdırır. Ancaq Ermənistan rəhbərliyi düşünmür ki, Avropanın əlinə oynamaqla heç nə qazana bilməyəcək. Sadəcə olaraq ortada erməni xalqı qurban veriləcək. Azərbaycan bu gün elə bir gücdədir ki, məğlub olmaq deyə bir ehtimal yoxdur. Sadəcə olaraq Ermənistanın yeni müharibə avantürası Qərbin növbəti planıdır. Burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür. Ermənistanın silahlanması, Fransanın Ermənistana silah verməsi, Hindistandan silah alınması, Yunanıstanın S 300 raket komplekslərini Ermənistana vermək niyyəti, görünür, kompleks şəkildə düşünülmüş və planlaşdırılmış bir məsələdir. Hazırda biz sülh yolunda addımlayırıq. Ancaq təəssüf ki, Qərbin təhriki və dəstəyi ilə Ermənistanın silahlanması Cənubi Qafqaz regionunda vəziyyətin gərginləşməsinə, kövrək sülhün pozulmasına və yeni müharibənin başlanmasına səbəb ola bilər".

Deputat Elçin Mirzəbəyli isə Trend-ə bildirib ki, Ermənistanın mövcud siyasi hakimiyyətinin davranışları, həmçinin, revanşçı qüvvələrin fəaliyyətinin stimullaşdırılması ilə bağlı atılan addımlar Paşinyan hökumətinin ən azı qısamüddətli lokal qarşıdurmaya hazırlaşdığını sübuta yetirir.

O vurğulayıb ki, belə bir ehtimalın reallaşa biləcəyini xarici təhrikçi qüvvələrin son zamanlar sərgilədikləri, regionda sabitliyin pozulması, həmçinin, Ermənistanın silahlandırılması istiqamətində atdıqları intensiv addımlar da təsdiqləyir.

"Bu sıraya, hazırda heç bir hüququ statusu və mandatı olmayan, Ermənistan-Azərbaycan sərhəddində öz təhrikçi, pozucu fəaliyyyətini Praqa razılaşmasının kobud şəkildə pozulması ilə davam etdirən Avropa İttifaqının "missiyası"nın əməllərini, o cümlədən Polşa prezidenti Anjey Dudanın sərhəd bölgəsinə, hələ də işğalı altında olan Kərki kəndinə yaxın əraziyə gedərək, Aİ-nin "missiyası" ilə birgə Azərbaycan əleyhinə təbliğatda iştirakını da əlavə etsək, zənnimcə, ümumi mənzərə haqqında nəticə çıxarmaq mümkündür. Qənaətimə görə, Polşa prezidentinin bu hərəkətlərinə xüsusi diqqət yetirilməsinə ehtiyac var. Çünki Polşa az qala 30 ildən çoxdur ki, Qərbin postsovet məkanındakı pozucu, dağıdıcı layihələrinin həyata keçirilməsində iştirak edən və ya edəcək təsir agentlərinin "yetişdirilməsində" ön sırada dayanan, Soros Fondu, NED və digər bu kimi qlobal cəsus şəbəkəsinin formalaşdırılmasına başçılıq edən geosiyasi təzyiq təsisatlarına ev sahibliyi edən, onların fəaliyyətinə dəstək verən bir ölkədir. Hazırda Şərqi Avropada baş verən qarşıdurmalarda, həmçinin, Gürcüstanda təsir agentlərinin iştirakı ilə cərəyan edən proseslərdə, o cümlədən Ermənistanın silahlandırılmasında və Qərbin Ermənistandakı nüfuz agentlərinin maliyyələşdirilməsində Polşa siyasiləri və təsisatları birbaşa, yaxud dolayısıyla iştirak edirlər", - deputat əlavə edib.

O qeyd edib ki, Ermənistanın yenidən canlanmaqda olan müharibə avantürası Qərbin növbəti təxribat ssenarisinin tərkib hissəsidir və burada Ermənistan hakimiyyəti ilə Qərbin maraqları üst-üstə düşür.

"Ermənistan hakimiyyəti bununla ilk növbədə yerlə bir olan nüfuzunu bərpa etməyə və 2026-cı ildə keçiriləcək seçkilərdə istifadə etmək üçün lokal da olsa, üstünlük qazanmağa, həmçinin Fransa və digər imperialist qüvvələrin sattelliti statusunu rəsmiləşdirməklə, Qərbi və Mərkəzi Asiyada, əsasən türk dövlətlətinin iştirakı ilə gerçəkləşməkdə olan subregional inteqrasiya proseslərinə maneə yaratmağa çalışır.

Şübhəsiz ki, bütün bunlar, Qərbin Ermənistandakı sayı 3 min nəfərdən çox olan texnoloqlarının hazırladıqları yaxın və uzunmüddətli inkişaf ssenariləri əsasında həyata keçirilir. Qərbin məqsədi isə Azərbaycanın bölgədə yaratdığı və təkcə Cənubi Qafqaza deyil, Avrasiyanın çox önəmli, strateji resurslarla zəngin, nəqliyyat dəhlizləri üçün çox önəmli bir hissəsinə təsir göstərən, sülhə, təhlükəsizliyə, regional və subregional əməkdaşlığın inkişafına yol açan reallıqları mümkün qədər dəyişməkdən və xaos ssenariləri ilə əvəzləməklə bölgəyə nüfuz etməkdən ibarətdir.

Ukraynada uğursuzluğa düçar olan Qərbin Cənubi Qafqaza Ermənistan vasitəsilə nüfuz etmək cəhdlərinin əsas məqsədlərindən biri də Rusiyaya qarşı, kifayət qədər həssas bir bölgədən ikinci cəbhə açmaqdan, diqqəti Şərqi Avropadan yayındırmaqdan ibarətdir. Bu prosesdə daha öncə qeyd etdiyim kimi, Polşanın da yer alması, Şərqi Avropadakı təhrikçi hərəkətlərinə görə, hədəfdə olan bu ölkənin də diqqəti öz üzərindən yayındırmaq niyyətindən qaynaqlanır", - E. Mİrzəbəyli deyib.