Sos kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub

Bu gün növbəti köç karvanı ilə Xocavənd rayonunun Sos kəndinə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Sos kəndinə köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.

Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.

Ailələr sevinclə açarları qəbul edərək, öz evlərində məskunlaşıblar.

Qeyd edək ki, bu mərhələdə Sos kəndinə 20 ailə olmaqla 80 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

15:20

xxx

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir. Qayıdış proqramına uyğun olaraq növbəti dəfə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi və Sos kəndinə qayıdış karvanı yola salınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinə 21 ailədən 89 nəfər Sos kəndinə isə 20 ailə olmaqla 80 nəfər Füzuli rayonunun Alıxanlı kənd keçid postundan yola salınıb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.

Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.