Azərbaycanın ABŞ-kı səfiri Texas ştatında bir sıra görüşlər keçirmişdir

Day.Az представляет новость на азербайджанском языке.

 
7 mart 2013-cü il tarixində səfir Elin Süleymanov Texas ştatına səfəri çərçivəsində Beynəlxalq Əlaqələr Şurasının (World Affairs Council) Hyuston bölməsində Amerika Yəhudi Komitəsinin Hyuston ofisinin təşəbbüsü ilə təşkil edilmiş tədbirdə "Azərbaycan və enerji təhlükəsizliyi" mövzusunda geniş auditoriya qarşısında çıxış etmişdir. Tədbirdə Hyuston şəhərinə akkreditə olunmuş Baş Konsulluq rəhbərləri, nüfuzlu enerji şirkətləri və rəsmi qurumların nümayəndələri iştirak etmişdir.
 

Day.Azın səfirliyin məlumatına istinadən verdiyi xəbərə görə, Azərbaycanın enerji diplomatiyasının tarixindən bəhs edən səfir ölkəmizin əlverişli coğrafı mövqeyi və yeraltı sərvətlərlə zəngin olmasının Azərbaycanı zaman-zaman mübarizə meydanı, geosiyasi maraqların kəsişdiyi məkana çevirdiyini bildirmişdir.
 

Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra enerji sektorunda köklü dəyişikliklərin baş verdiyini və enerji diplomatiyasının ilkin rüşeymlərinin formalaşdığını bildirən səfir bu xüsuda 1994-cu ildə imzalanmış "Əsrin müqaviləsi" barəsində məlumat vermişdir. ABŞ hökumətinin regionla bağlı ən uğurlu layihəsi olan bu müqavilənin dövrün reallıqları fonunda Ümummilli lider Heydər Əliyevin uzaqgörən strateji baxışının nəticəsi olduğunu bildirmişdir. Sözügedən müqavilə ilə Xəzər dənizinin Qərbə açıldığını bildirən səfir Azərbaycanın enerji diplomatiyasının əsasında enerji resurslarının nəqli yollarının şaxələndirilməsinin mühüm amil olduğunu demişdir. Azərbaycanın hazırkı uğurlu iqtisadi inkişafının təsadüfi deyil, ölkə rəhbərliyinin düzgün strategiyasının göstəricisi olduğunu əlavə etmişdir.

Hazırda dünya enerji bazarında təbii qazın nəqlinin daha aktual olduğunu qeyd edən səfir bu xüsusda gündəmdə olan layihələrə toxunaraq, xüsusilə "Cənub dəhlizi" və TANAP layihəsi barədə məlumat vermiş və bu layihələrin regional inteqrasiyaya öz tövhəsini verəcəyinə ümidvar olduğunu qeyd etmişdir.
 

Ümumilikdə reallaşdırılan layihələrin Azərbaycanla yanaşı, Türkiyənin vacib tranzit dövlətinə çevirdiyini, Gürcüstanın isə sosial iqtisadi rifahında mühüm rol oynadığını qeyd edən səfir həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində önəmli yer tutmasından bəhs etmişdir.
 

Hərtərəfli regional inteqrasiyaya mane olan əsas faktorun Ermənistan-Azərbaycan münaqişəsi olduğunu bildirən səfir münaqişənin ən qısa zaman kəsiyində həllinin bütün region dövlətləri üçün çox faydalı olacağını bildirmiş və Ermənistan hakimiyyətinin tezliklə qeyri-konstruktiv mövqeyindən əl çəkib erməni xalqının rifahına və ümumilikdə regionun parlaq gələcəyinə hesablanmış addım atacağına ümidvar olduğunu demişdir.
 

7 mart tarixində səfir Elin Süleymanov Hyuston şəhərinə səfəri çərçivəsində şəhərin meri Annise Parker ilə görüşmüş və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
 

Azərbaycanın Texas ştatı ilə əlaqələrinin qurulmasında Hyuston və Bakı şəhərləri arasında qardaşlaşma münasibətlərinin təsisinin xüsusi rol oynadığını bildirən səfir 6 mart tarixində paytaxt Ostin şəhərində keçirilmiş "Amerika-Azərbaycan Dostluq Günü" barəsində məlumat vermişdir.
 

Hyustonda Azərbaycan icmasına göstərdiyi diqqət və qayğıya görə A.Parkerə təşəkkür edən səfir həmçinin Hyustonda Azərbaycan Mədəniyyət Mərkəzinin açılmasında şəhər meriyasının dəstəyinin yüksək qiymətləndirildiyini diqqətə çatdırmışdır.
 

Öz növbəsində, A.Parker ABŞ və Azərbaycanın mühüm enerji mərkəzləri olan Hyuston və Bakı şəhərləri arasında münasibətlərin xüsusilə son illər yüksələn xətt üzrə inkişafından məmnun olduğunu bildirərək, əməkdaşlığın enerji sektoru ilə yanaşı, digər sahələri əhatə etməsi üçün potensial imkanların olduğunu və birgə layihə və təşəbbüslər üzərində işlərin faydalı olacağını qeyd etmişdir.
 

Qeyd edək ki, görüşdə Texas ştatında səfərdə olan Azərbaycan nümayəndə heyətinin üzvü, ARDNŞ-ın vitse-prezidenti Xaliq Məmmədov və Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının prezidenti İradə Axundova iştirak etmişdir.