Sürücülük vəsiqəsi olmayan şagirdlərə avtomobil İCARƏSİ:

Tədris ilinin bitməsinə və "Son zəng" tədbirlərinin keçirilməsinə sayılı günlər qalıb. Bu münasibətlə şagirdlərin bəziləri avtomobil əldə edib günə əyləncə qatmağa çalışırlar. Onlara isə "kömək" göstərən bir sıra şirkətlər mövcuddur. Hansı ki, sürücülük vəsiqəsi tələb etmədən avtomobil icarə verdikləri haqqında elan paylaşırlar.

Bəs sürücülük hüququ olmayan azyaşlı şəxsə avtomobil vermək hansı hüquqi məsuliyyət yaradır?      

Mövzu ilə bağlı Day.Az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, bu, birbaşa olaraq qanunsuz hərəkətdir.

O, qeyd edib ki, Yol Hərəkəti Haqqında Qanuna görə, sürücülük hüququ olmayan şəxsə bilərəkdən nəqliyyat vasitəsi vermək inzibati məsuliyyət yaradır.

"Belə hallarda şəxs 60 manat məbləğində cərimə oluna bilər. İnzibati Xətalar Məcəlləsində bu məsələ açıq şəkildə nəzərdə tutulub. Təəssüf ki, avtomobil icarəyə verən bəzi şirkətlər hər il xüsusilə son zəng ərəfəsində bu cür elanlar paylaşırlar.

Bəzi şirkətlər çıxış yolu tapıblar. Elanı verirlər, sonra isə gələn şəxsdən sürücülük vəsiqəsi olan birini tapmağı tələb edirlər ki, onun adına sənədləşdirməni həyata keçirilsin. Bu isə məsuliyyəti bölüşmək deməkdir, yəni hadisə baş verərsə, sığorta şirkəti pullarını ödəyə bilsin", - o deyib.

Ekspert vurğulayıb ki, elanda verilən məlumat qanuna açıq-aydın ziddir və düzgün yanaşma deyil:

"Lakin sənədləşdirmədə şirkətlər alternativ yollar axtarırlar. Buna baxmayaraq, belə elanların paylaşılması qanunsuzdur və bu məsələnin polis tərəfindən ciddi şəkildə nəzarət altına alınması vacibdir", - o sonlandırıb.

Nəsimi Ələsgərli