“Samur” sərhəd komendantlığı xidməti istifadəyə verilib

İyunun 16-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Xudat" Sərhəd Dəstəsinin xidməti ərazisində əsaslı təmir olunan "Samur" sərhəd komendantlığı şəxsi heyətin istifadəsinə verilib.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev qeyd edib ki, "Samur" sərhəd komendantlığının əsaslı təmirdən sonra yenidən qurularaq istifadəyə verilməsi məhz "Xudat" Sərhəd Dəstəsinin yaradılmasının 34-cü ildönümünə təsadüf etməsi rəmzi məna daşıyır. Bu əlamətdar hadisə sərhəd mühafizəsi sahəsində formalaşmış zəngin ənənələrə ehtiramın ifadəsi olmaqla yanaşı, müasir sərhəd infrastrukturunun yaradılması istiqamətində görülən işlərin davamlılığını və gələcəyə hesablanmış inkişaf strategiyasını özündə əks etdirir. Xüsusilə tədbirdə veteran sərhədçilərin iştirakı sərhədçilər arasında mənəvi bağlılığın, xidmət ənənələrinə sədaqətin və Vətən sərhədlərinin keşiyində şərəflə dayanmış insanların əməyinə göstərilən yüksək ehtiramın bariz nümunəsidir.

Tədbir çərçivəsində xidməti-döyüş fəaliyyətində fərqlənmiş bir qrup hərbi qulluqçu təltif edilmiş, dövlət sərhədlərinin mühafizəsi işinə uzun illər ərzində verdikləri töhfələrə və sərhədçi ənənələrinin yaşadılmasındakı fəaliyyətlərinə görə veteran sərhədçilərə "Xudat" Sərhəd Dəstəsinin 34 illik şərəfli xidmət yolunu əks etdirən xatirə albomları təqdim edilib.