Xıdırlıda 33 ildən sonra ilk "Son Zəng" çalındı

Ağdam rayonunun Xıdırlı kəndində 33 ildən sonra ilk dəfə "Son zəng" sədaları eşidilib. Ayköl Manas adına Xıdırlı kənd tam orta məktəbində keçirilən tədbir məktəb həyatının əlamətdar hadisəsi kimi yadda qalıb.

Day.Az xəbər verir ki, tədbirdə Elm və Təhsil Nazirliyinin əməkdaşları, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları, Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli, müəllimlər, şagirdlər, valideynlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, hazırda məktəbdə 235 şagird təhsil alır. Bu il təhsil ocağını 12 məzun bitirir. Qeyd olunub ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış Proqramı çərçivəsində Xıdırlı kəndinə köç prosesi davam edir, doğma torpaqlarda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, təhsil müəssisələrinin fəaliyyəti bərpa olunur.

Məktəbin direktoru Mətanət Məmmədova çıxış edərək məzunları təbrik edib, onlara gələcək həyatlarında uğurlar arzulayıb.

Təhsil İnkişaf Fondunun İdarə Heyətinin sədri Nicat Məmmədli çıxışında məzunları təbrik edərək bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yenidən məktəb həyatının bərpa olunması və şagirdlərin öz doğma torpaqlarında məzun olmaları tarixi əhəmiyyət daşıyan hadisədir. O, məzunlara gələcək təhsil və karyera yollarında uğurlar arzulayıb, onların ölkənin inkişafına töhfə verən bilikli və vətənpərvər gənclər kimi yetişəcəklərinə əminliyini ifadə edib.

Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli bildirib ki, işğaldan azad olunmuş ərazilərdə yenidən "Son zəng" sədaları eşidilir. O vurğulayıb ki, həmin məktəblər arasında elələri var ki, burada ilk dəfə "Son zəng" tədbiri keçirilir. "Şagirdlərin öz doğma torpaqlarında, evlərində, yurdlarında məzun olmaları böyük qürur və sevinc hissi yaradır. Bu torpaqlarda təhsil almaq və təhsil vermək böyük xoşbəxtlikdir", - deyə Sənan Məsimli qeyd edib.

Tədbir bədii proqram və məzunların və şagirdlərin çıxışları ilə davam edib.