Dövlət Proqramı aqrar sektorda məhsuldarlıq mərhələsinə keçidi sürətləndirəcək - RƏY
Azərbaycanın aqrar sektorunda yeni inkişaf mərhələsini müəyyən edən 2026-2030-cu illər üzrə Dövlət Proqramı kənd təsərrüfatında məhsuldarlığın artırılması, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və idxaldan asılılığın azaldılması kimi mühüm hədəfləri ehtiva edir. Hazırda ölkədə ərzaqlıq buğda üzrə özünütəminetmə səviyyəsi 55 faiz təşkil edir və qarşıdakı illərdə bu göstəricinin əhəmiyyətli dərəcədə yüksəldilməsi planlaşdırılır. Bununla yanaşı, müasir suvarma sistemlərinin genişləndirilməsi, rəqəmsal texnologiyaların tətbiqi, emal sənayesinin inkişafı və aqrar sahədə əlavə dəyər yaradan istehsal modelinə keçid də prioritet istiqamətlər sırasındadır. Bu hədəflərin reallığı, gözlənilən nəticələri və qarşıdakı çağırışlar aqrar siyasətin əsas müzakirə mövzularından biridir.
Mövzu ilə bağlı Trend-in suallarını cavablandıran Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun "Aqrar sektorun iqtisadi problemləri" şöbəsinin müdiri Yunus Sadıqov bildirib ki, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin ardıcıl icrası ərzaqlıq buğda üzrə özünütəminetmə səviyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verə bilər.
"Bu istiqamətdə əsas amillər məhsuldarlığın yüksəldilməsi, sertifikatlı və yüksək məhsuldar toxumlardan istifadə, müasir suvarma sistemlərinin tətbiqi və fermerlərin stimullaşdırılmasıdır.
Əgər nəzərdə tutulan tədbirlər koordinasiyalı şəkildə həyata keçirilərsə, yaxın illərdə ərzaqlıq buğda üzrə özünütəminetmə səviyyəsinin əvvəlcə 70 faizə, daha sonra isə 80 faizə yaxınlaşdırılması real hədəf kimi qiymətləndirilə bilər. Burada əsas məsələ yalnız istehsalın həcmini artırmaq deyil, eyni zamanda ərzaqlıq buğdanın keyfiyyət göstəricilərini yüksəltməkdir", - deyə o qeyd edib.
Ekspert hesab edir ki, aqrar sektorda əsas prioritet yeni torpaqların dövriyyəyə cəlb olunmasından daha çox mövcud torpaqlarda məhsuldarlığın artırılması olmalıdır:
"Azərbaycanın torpaq və su resursları məhduddur. Ona görə də əsas məqsəd hər hektardan daha çox və daha keyfiyyətli məhsul əldə etməkdir. Yeni torpaqların istifadəyə verilməsi vacib olsa da, bu proses su təminatı, logistika, emal infrastrukturu və bazara çıxış imkanları ilə paralel aparılmalıdır".
Y.Sadıqov subsidiya mexanizmlərinin də təkmilləşdirilməsinin vacibliyini qeyd edib: "Subsidiya sistemi nəticəyönümlü olmalı, fermerləri məhsuldarlığın artırılmasına, keyfiyyətli məhsul istehsalına və innovativ texnologiyaların tətbiqinə təşviq etməlidir.
Damcı suvarma, lazerli mala, sertifikatlı toxum, torpaq analizi, aqrar sığorta və kooperasiya kimi alətlərdən istifadə edən fermerlər əlavə dəstək almalıdırlar. Subsidiya məhsuldarlığı artıran iqtisadi alətə çevrilməlidir", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, torpaqların pasportlaşdırılması, peyk texnologiyaları və süni intellekt həllərinin tətbiqi aqrar sahədə ciddi keyfiyyət dəyişiklikləri yarada bilər.
"Fermer torpağının real vəziyyəti barədə dəqiq məlumata malik olduqda daha düzgün qərarlar qəbul edə bilir. Peyk texnologiyaları və süni intellekt vasitəsilə su çatışmazlığı, xəstəlik riski və məhsuldarlıq problemləri əvvəlcədən müəyyən edilə bilər. Bu da xərclərin azalmasına və səmərəliliyin yüksəlməsinə şərait yaradır.
Şirvan və Qarabağ suvarma kanallarının yenidən qurulmasının aqrar sektorun inkişafında da mühüm rol oynayacaq. Azərbaycanda kənd təsərrüfatının əsas məhdudiyyətlərindən biri su təminatıdır. Yeni və modernləşdirilmiş suvarma infrastrukturu taxılçılıq, pambıqçılıq, yem bitkiləri, tərəvəzçilik və meyvəçilik üçün daha dayanıqlı baza formalaşdıracaq. Lakin su təminatı ilə yanaşı, emal, logistika və bazara çıxış məsələləri də həll olunmalıdır", - deyə o vurğulayıb.
Y.Sadıqov qeyd edib ki, müasir suvarma sistemlərinin əhatə dairəsinin genişləndirilməsi məhsuldarlığın artmasına və su ehtiyatlarından daha səmərəli istifadəyə imkan verəcək.
Onun sözlərinə görə, intensiv bağçılığın inkişafı üçün ən böyük potensial Quba-Xaçmaz, Şəki-Zaqatala, Qəbələ, Lənkəran-Astara və Aran iqtisadi rayonlarında mövcuddur. Bununla yanaşı, Qarabağ və Şərqi Zəngəzurda da yeni bağçılıq mərkəzlərinin formalaşması üçün əlverişli imkanlar yaranır.
"Azərbaycanın aqrar sektorunda növbəti inkişaf mərhələsinin əsas istiqaməti əlavə dəyər yaradan emal sənayesinin genişləndirilməsi olmalıdır.
Artıq bir sıra məhsullar üzrə istehsal potensialımız formalaşıb. İndi əsas məqsəd xammal ixracından daha çox emal olunmuş, qablaşdırılmış və yüksək əlavə dəyərə malik məhsulların istehsalını artırmaqdır", - deyə o bildirib.
Y.Sadıqovun fikrincə, ət, süd və quş əti üzrə 100 faizlik özünütəminetmə hədəfi də məhsuldarlığın artırılması, yem bazasının gücləndirilməsi, yüksək məhsuldar cinslərin yayılması və müasir texnologiyaların tətbiqi hesabına reallaşa bilər.
Ekspert iqlim dəyişiklikləri və su qıtlığının aqrar sektorun strukturunda dəyişiklikləri qaçılmaz etdiyini də vurğulayıb.
"Gələcəkdə aqrar siyasətdə əsas prinsip mövcud torpaq və su resurslarından maksimum səmərə ilə istifadə etmək olacaq. Regionların iqlim xüsusiyyətlərinə uyğun məhsul seçimi, quraqlığa davamlı sortların tətbiqi və müasir suvarma texnologiyalarının genişləndirilməsi prioritet istiqamətlərdir", - deyə o bildirib.
Onun sözlərinə görə, xarici investisiyalar daha çox aqrar emal, intensiv bağçılıq, istixana təsərrüfatları, logistika, toxumçuluq, heyvandarlıq, balıqçılıq və akvakultura sahələrinə yönəlməlidir.
Y.Sadıqov əlavə edib ki, soyuducu anbarların tutumunun artırılması məhsul itkilərinin azalmasına, fermer gəlirlərinin sabitləşməsinə və ixrac imkanlarının genişlənməsinə mühüm töhfə verəcək: "Dövlət Proqramının uğuru ilk növbədə məhsuldarlığın yüksəlməsi, ərzaq təhlükəsizliyinin möhkəmlənməsi, müasir suvarma sistemlərinin genişlənməsi, emal və logistika infrastrukturunun inkişafı, eləcə də rəqəmsal texnologiyaların fermer təsərrüfatlarında real tətbiqi ilə ölçüləcək.
Əgər nəzərdə tutulan tədbirlərin icrası effektiv şəkildə təmin olunarsa, qarşıdakı dörd il yarım ərzində aqrar sahədə məhsuldarlığın artması, intensiv bağçılığın genişlənməsi, heyvandarlıqda keyfiyyət göstəricilərinin yaxşılaşması və ixrac potensialının yüksəlməsi kimi nəzərəçarpan nəticələr əldə etmək mümkün olacaq", - deyə o qeyd edib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре