"WhatsApp" Türkiyədə

Dünyanın ən geniş istifadə olunan mesajlaşma platformalarından biri olan WhatsApp Türkiyədə yeni "premium" xidmət paketini istifadəyə verib.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, yeni abunə modelinin aylıq qiyməti 41,99 TL olaraq müəyyən edilib.

Şirkətin məlumatına görə, bu paket əsas mesajlaşma funksiyalarına təsir etmir və yalnız əlavə fərdiləşdirmə imkanlarını əhatə edir.

Premium istifadəçilərə tətbiqin ikonası və interfeys mövzusunu dəyişmək, animasiyalı stikerlərdən istifadə etmək, sancaqlanmış söhbətlərin sayını 20-yə qədər artırmaq, kontaktlar üçün fərqli bildiriş səsləri təyin etmək və söhbət siyahılarını kateqoriyalara bölmək kimi imkanlar təqdim olunur.

Bundan əlavə, yeni abunəlik üçün 30 günlük pulsuz sınaq müddəti də nəzərdə tutulub. İstifadəçilər bu müddət ərzində bütün premium funksiyalardan ödənişsiz yararlana biləcək, daha sonra isə istəsələr abunəliyi davam etdirə və ya ləğv edə biləcəklər.

Şirkət vurğulayıb ki, tətbiqin əsas funksiyaları - mesajlaşma, zəng və media paylaşımı - əvvəlki kimi pulsuz olaraq qalır. Yeni model yalnız əlavə funksiyalara maraq göstərən istifadəçilər üçün nəzərdə tutulub.