Naxçıvanda “Koroğlu” yarımstansiyasının yerində yeni enerji mərkəzi inşa olunacaq

Naxçıvan şəhərində enerji infrastrukturunun yenilənməsi və elektrik təchizatının dayanıqlığının artırılması məqsədilə yeni yarımstansiyanın tikintisi planlaşdırılır.

Dövlət satınalmalarının vahid internet portalında yer alan məlumata əsasən, şəhər ərazisində mövcud "Koroğlu" yarımstansiyası sökülərək onun yerində 110/35/10 kV-luq, 2x40 MVA gücündə yeni yarımstansiya və idarəetmə mərkəzi inşa ediləcək.

Layihənin icrasına "Azərişıq" ASC tərəfindən start verilib. Hazırda qurum tikinti və quraşdırma işlərini həyata keçirəcək şirkətin seçilməsi üzrə prosedurları davam etdirir.

Day.Az xəbər verir ki, ilkin məlumatlara görə, layihənin ümumi dəyəri 17,7 milyon manat təşkil edir.

"Azərişıq" ASC son illərdə ölkə üzrə elektrik şəbəkəsinin yenilənməsi, yarımstansiyaların modernləşdirilməsi və regionlarda enerji təchizatının sabitliyinin artırılması istiqamətində genişmiqyaslı işlər həyata keçirir. Bu çərçivədə yeni yarımstansiyaların inşası, köhnə avadanlıqların müasirləşdirilməsi və rəqəmsal idarəetmə sistemlərinin tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib.

Naxçıvanda həyata keçiriləcək yeni layihənin də bölgənin artan enerji tələbatının daha səmərəli qarşılanmasına və şəbəkənin etibarlılığının yüksəldilməsinə töhfə verəcəyi gözlənilir.

Bununla yanaşı, son günlər "Azərişıq" ASC-nin fəaliyyətinə dair aparılan araşdırmaların nəticələri də açıqlanıb. Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi vətəndaş müraciətləri, eləcə də Enerji Məsələləri Tənzimləmə Agentliyindən (EMTA) daxil olmuş məlumatlar əsasında qurumun elektrik enerjisi təchizatı sahəsində fəaliyyətini araşdırıb.

Araşdırmalar zamanı elektrik enerjisi istehlakına görə hesablaşmaların aparılması, abonentlərə təqdim olunan bildirişlərin məzmunu və elektrik enerjisi təchizatının dayandırılması zamanı qanunvericilikdə nəzərdə tutulmuş müddətlərə riayət olunması ilə bağlı müəyyən çatışmazlıqların mövcud olduğu müəyyən edilib.

Nəticədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən "Azərişıq" ASC-yə istehlakçılara təqdim olunan hesablarda mövcud borcun göstərilməsi, yazılı xəbərdarlıqların qanunvericiliyin tələblərinə uyğunlaşdırılması və elektrik enerjisi təchizatının müvafiq normativ-hüquqi aktlara uyğun həyata keçirilməsi ilə bağlı icrası məcburi göstəriş verilib.

Bundan əlavə, rəqabət qanunvericiliyinin tələblərinin pozulmasında iştirak etdiklərinə görə "Azərişıq"ın Cənub, Şimal-Qərb, Şirvan, Sumqayıt və Yasamal Regional Enerji Təchizatı və Satışı İdarələrinin rəisləri və onların enerji satışı üzrə müavinləri barəsində maliyyə sanksiyası tətbiq olunub.

Agentlikdən bildirilib ki, hazırda "Azərişıq" ASC tərəfindən elektrik enerjisi təchizatında qanunvericiliyin tələblərinə riayət olunması və abonentlərlə işin daha səmərəli təşkili istiqamətində zəruri tədbirlər görülür.