Yasa dönən nişan - HEKAYƏ
Day.Az представляет новость на азербайджанском языке
Gözəl bir yay günü... Kimi bağda istirahət edir, kimi şəhərdə qalaraq öz işləri, qayğıları ilə məşğul olur. Nazimgil də sabahki nişana hazırlaşır. Evin tək ovladı olan Azərin xeyir işidir.
Azərin artıq 25 yaşı var - ali məktəbi bitirib, hərbi xidmətdə olub, indi də özəl şirkətlərin birində işləyir. Maaşı da pis deyil.
Atası Nazim isə nazirliklərin birində şöbə müdiri vəzifəsində çalışır. Evin xanımı Nigar isə ali təhsilli olmasına baxmayaraq, evdar qadındır. Bəlkə də hamıdan çox Nigar sevinclidir:
- Ay kişi, bir həftə qabaq kənddəki qohumlara da xəbər etmişəm ki, sabahki nişana hazır olsunlar. Sabah hamısı gələcək. Azərin xeyir işini görmək axır ki, bizə qismət oldu. Çoxdan gözləyirdik bu günü. Ondan başqa kimimiz var ki?
- Nigar, sabah nişanın edək, bir-iki aya da toyunu da edərik. Xeyir işi çox uzatmaq olmaz. Bilirsən də işdən iş çıxır - Nazim dilləndi.
Birdən nə isə pis hadisə baş verəcəyini zənn edən kimi Nigarın ürəyi sıxıldı:
- Nazim, nə isə elə qorxuram ki...
Nazim təəccüblə:
- Nədən qorxursan?
- Hiss edirəm ki, nə isə xoşagəlməz bir hadisə baş verəcək. Təki Allah xeyirli eləsin. Axşam da yuxumu qarışdırmışam, - deyə Nigar cavab verdi.
Nazim bir qədər əsəbiləşərək:
- Yaxşı, bəsdir! Xeyir iş öncəsi bəd-bəd danışmasan olmaz? Yaxşı şey düşün ki, yaxşı da hadisələr baş versin. Siz arvad tayfası beləsiniz də. Ancaq boş-boş, qanqaraldıcı sözlər danışırsınız.
Nigar Nazimin dediklərini dinləsə də, yenə də üzündəki qara buludlar, qəlbindəki narahatlıq keçmək bilmirdi:
- Ay kişi, zəng edim görüm Azər hardadır.
- Hə, zəng et. De ki, evə tez gəlsin.
- Nazim, Azər indi sevinclidir. Sevincini dostları ilə bölüşür. Səhər evdən çıxanda dedi ki, dostları ilə görüşəcək.
Bu zaman Azərdən anasının telefonuna zəng gəldi:
- Salam, ana.
- Salam, başına dönüm. Elə indi atanla sənin barəndə danışırdıq. İstədim zəng edim sənə, özün məni qabaqladın.
- Ana, bir xahişim olacaq.
- Nə xahiş, başına dönüm?
- Dostlarımla istəyirik ki, Nabrana gedib axşama qayıdaq.
Nigar oğlunun dostları ilə Nabrana getməsi üçün Nazimdən icazə aldı və telefonla danışmağa davam etdi:
- Atan razılıq verdi. Amma dedi ki, gec gəlməsinlər.
- Baş üstə, ana! Təşəkkür hər ikinizə!
- Ehtiyatlı olun, başına dönüm, - Nigar Azərə bərk-bərk tapşırdı.
- Narahat olma, ana. Hələlik.
***
Saat 22:00. Bu vaxt Nazimin telefonuna tanımadığı nömrədən zəng gəlir:
- Salam.
- Salam.
- Nazim Həsənovdur?
- Bəli. Buyurun, eşidirəm.
- Sizi müstəntiq, mayor Rzayevdir narahat edən.
- Buyurun.
- Sizə bir bəd xəbərimiz var. Sizin oğlunuz dostları ilə birgə ağır yol qəzasına düşüb. Hadisə nəticəsində oğlunuz və dostları həlak olublar. Meyitlər xəstəxanada "morq"dadır.
Nazim oğlunun xəbərindən, sanki, dəli oldu. Axı hansı ata öz balasının ölüm xəbərinə dözər? Özü də evin tək övladı ola...
- Ola bilməz! Mənim oğlum ölə bilməz!
Nazim dizləri üstə çökərək ağlayırdı. Beləcə bir ailənin sevinci faciə ilə əvəzləndi. Bir evin də işığı beləcə söndü...
Anar Məcidzadə
Azərbaycan Yazıçılar Birliyinin üzvü
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре