Azərbaycan əleyhinə sinxron ritorika - Proksi şəbəkələrin "son hücumu"
Müəllif: Əli Qasımov
Mənbə: Trend
Son günlər Azərbaycan əleyhinə ritorikanın həm xaricdəki mühacir dairələrində, həm də ölkə daxilində radikal qruplar arasında paralel və sinxron şəkildə güclənməsi diqqət çəkir. Bu proses zahirən təsadüfi təsir bağışlasa da, əslində informasiya məkanında proksi qruplaşmaların fəaliyyət mexanizminin tərkib hissəsidir. Burada söhbət ayrı-ayrı şəxslərin emosional reaksiyalarından yox, müəyyən mərkəzlərə bağlı şəbəkə davranışlarından gedir.
Vaxtilə ölkə daxilində ciddi təsir rıçaqlarına malik olmuş Ramiz Mehdiyev real güc imkanlarını itirdikdən sonra onunla əlaqəli şəbəkənin xarici komponentlərinin önə çıxması bu kontekstdə xüsusilə diqqətəlayiqdir. Məhz bu mərhələdə xaricdə fəaliyyət göstərən Mehman Hüseynov və Emin Hüseynov kimi fiqurların fəallaşması, ölkə daxilində isə Əli Kərimli ətrafında cəmləşən radikal çevrələrin hərəkətə keçməsi müşahidə olunur. Bu aktivləşmə ayrı-ayrı şəxslərin təşəbbüsü yox, şəbəkəvi dinamikanın nəticəsi kimi ortaya çıxır.
Beynəlxalq təhlükəsizlik praktikasında bu cür modellər yaxşı tanınır. Xüsusi xidmət orqanları və təsir şəbəkələri əsas fiqur zəiflədikdə onun birbaşa əlaqələrini minimuma endirir və əməliyyatları "cut-out" adlanan vasitəçilər üzərindən aparırlar. Yəni real mərkəz görünməz qalır, ictimai təzyiq isə "jurnalistlər", "vətəndaş fəalları" və mühacir platformalar vasitəsilə formalaşdırılır. Bu mexanizm bir tərəfdən məsuliyyətin yayındırılmasına, digər tərəfdən isə fəaliyyətin daha elastik və təhlükəsiz icrasına imkan yaradır.
Bu baxımdan Mehdiyevin ev dustaqlığı dövründə Azərbaycan əleyhinə informasiya fəallığının daha da intensivləşməsi ayrıca interpretasiya olunur. Bu, klassik maskalama texnikasıdır: məqsəd onun proseslərdən kənarda qaldığı təəssüratını yaratmaq, eyni zamanda şəbəkənin fəaliyyətini fasiləsiz saxlamaqdır. Beləliklə, mərkəz formal olaraq passiv görünür, amma təsir mexanizmləri dolayı yollarla işləməyə davam edir.
Bu aktivləşmənin regional konyunktura ilə üst-üstə düşməsi də təsadüfi deyil. Post-müharibə reallıqları fonunda Azərbaycanın mövqelərinin möhkəmlənməsi, beynəlxalq səviyyədə nüfuzunun artması və regionda maraqlı bəzi dövlətlərin təsir imkanlarının daralması uzun illər formalaşmış, lakin artıq "yaşlanmış" təsir şəbəkələrini sonuncu mərhələyə - "son hücum" fazasına keçməyə məcbur edib. Bu mərhələdə məqsəd hərbi və ya siyasi qələbə yox, informasiya mühitində davamlı gərginlik yaratmaq və dövlətçiliyin legitimliyini aşındırmaqdır.
Belə şəbəkələr adətən məhz belə vəziyyətlərdə daha aqressiv və səssizləşdirilməsi çətin formaya keçir. Onlar açıq mərkəzlərdən yox, çoxsaylı kiçik platformalar, sosial şəbəkə hesabları, mühacir resursları və "müstəqil fəal" imici yaradılmış fiqurlar vasitəsilə işləyirlər. Nəticədə informasiya axını parçalanır, lakin mesaj vahid qalır: Azərbaycan əleyhinə davamlı, emosional və legitimliyi şübhə altına alan ritorika.
Mövcud mənzərə göstərir ki, informasiya məkanında baş verənlər ayrı-ayrı şəxslərin spontan narazılığının təzahürü deyil. Bu, daha çox koordinasiyalı proksi davranışlarının cəmi kimi çıxış edir. Müxtəlif coğrafiyalarda yerləşən, fərqli statuslara malik olan fiqurların eyni vaxtda eyni mövzular üzrə aktivləşməsi, eyni ritorikadan istifadə etməsi və eyni auditoriyaları hədəfləməsi bu qənaəti gücləndirir.
Bununla belə, bu cəhdlərin strateji xarakter daşımadığı da bəllidir. Əksinə, bu fəaliyyət ifşa edilmiş və təsir imkanları zəifləyən bir sistemin refleksiv reaksiyasıdır. Yəni söhbət uzunmüddətli planlaşdırılmış hücumdan yox, mövqelərini itirən şəbəkənin instinktiv müqavimətindən gedir. Belə reaksiyalar adətən yüksək səs-küy yaratsa da, real güc balansını dəyişmək qabiliyyətinə malik olmur.
Nəticə etibarilə, Azərbaycan əleyhinə son informasiya dalğası daha geniş və köklü mexanizmin simptomudur. Bu mexanizm mərkəzin gizlədilməsi, vasitəçilərin önə çıxarılması və informasiya mühitində davamlı təzyiq yaradılması üzərində qurulub. Lakin reallıq göstərir ki, bu cür "son hücum"lar əksər hallarda şəbəkənin tükəndiyini və təsir imkanlarının artıq sistemli şəkildə daraldığını göstərən əlamət kimi çıxış edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре