Sosial şəbəkələrdə təhqirə məruz qalanlar nə etməlidir?
Sosial şəbəkələrdə və digər internet informasiya ehtiyatlarında böhtan və təhqirə məruz qalan şəxslər hüquqlarının müdafiəsi üçün xüsusi ittiham qaydasında məhkəməyə müraciət edə bilərlər. Bu zaman şikayətin düzgün tərtib edilməsi, aidiyyəti məhkəməyə təqdim olunması və sübutların qorunması mühüm əhəmiyyət daşıyır.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Fuad Axundov deyib.
Hakim bildirib ki, böhtan və təhqirlə bağlı xüsusi ittiham qaydasında şikayətlər yazılı formada aidiyyəti birinci instansiya məhkəməsinə təqdim edilməlidir.
Onun sözlərinə görə, ümumi qaydaya əsasən, belə şikayətlərə cinayətin törədildiyi yer üzrə məhkəmədə baxılır:
"Məsələn, kütləvi çıxış zamanı təhqiramiz ifadənin işlədildiyi yer məlumdursa, şikayət həmin ərazi üzrə səlahiyyətli məhkəməyə verilməlidir".
F.Axundov qeyd edib ki, media və internet informasiya ehtiyatlarında yayılan böhtan və təhqir xarakterli məlumatlarla bağlı məhkəmə aidiyyətinin müəyyən edilməsinin xüsusi qaydaları mövcuddur. Bu məsələ Ali Məhkəmə Plenumunun 2014-cü il 21 fevral tarixli qərarının 12-ci bəndində izah olunub.
"Ümumi qayda olaraq, müvafiq media vasitəsinin və ya internet informasiya ehtiyatının hüquqi ünvanı məlumdursa, məhkəmə aidiyyəti həmin ünvan nəzərə alınmaqla müəyyən edilir. Hüquqi ünvan məlum olmadıqda və ya informasiya ehtiyatı xaricdə qeydiyyata alındıqda isə şikayətə məlumatı yaymış şəxsin Azərbaycan Respublikasındakı axırıncı yaşayış yeri üzrə məhkəmədə baxılır", - deyə hakim bildirib.
O, nümunə olaraq qeyd edib ki, "Facebook" sosial şəbəkəsində şəxs barəsində böhtan xarakterli məlumat yayıldıqda, platformanın xaricdə qeydiyyata alınması nəzərə alınaraq şikayət məlumatı yaymış şəxsin Azərbaycandakı qeydiyyat ünvanı üzrə birinci instansiya məhkəməsinə təqdim edilməlidir. Bu halda paylaşımın fiziki olaraq Bakıda və ya başqa ərazidə edilməsi məhkəmə aidiyyətini müəyyən etmir.
F.Axundov məhkəməyə müraciət zamanı sübutların düzgün toplanmasının vacibliyini də vurğulayıb.
Onun sözlərinə görə, ilk növbədə, mübahisə doğuran paylaşımın mənbəyi və məzmunu qorunmalıdır. Bunun üçün paylaşımın internet keçidinin, hesabın və ya kanalın adının, yayım tarixinin, mətnin, eləcə də videomaterialların saxlanılması məqsədəuyğundur.
"Videomateriallarda mübahisələndirilən ifadənin səsləndiyi hissə müəyyən edilməli, bununla yanaşı, həmin ifadənin işlədildiyi ümumi kontekst də qorunmalıdır. Ekran görüntüləri təqdim edildikdə onların nə vaxt və hansı hesabdan əldə olunduğunun göstərilməsi də vacibdir. Çünki məhkəmə təqdim edilən sübutların mənbəyini, həqiqiliyini və konkret şəxsə aidiyyətini yoxlayır", - deyə o əlavə edib.
Hakim diqqətə çatdırıb ki, xüsusi ittiham qaydasında şikayətin forma və məzmununa dair tələblər Cinayət-Prosessual Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində müəyyən edilib.
Həmin tələblərə əsasən, şikayətdə müraciət edən şəxsin adı, soyadı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyəti, eləcə də şikayətə səbəb olan əməlin mahiyyəti, törədildiyi yer, vaxt və şərait göstərilməlidir. Vurulmuş ziyan varsa, bu barədə məlumat da qeyd olunmalıdır.
Bundan başqa, barəsində şikayət verilən şəxsin anket məlumatları və yaşayış yeri göstərilməli, əməli məhz həmin şəxsin törətdiyini təsdiqləyən məlumatlar, şahidlər, sənədlər və digər sübutlar təqdim edilməlidir.
"Böhtan və ya təhqir hesab edilən konkret ifadələrin şikayətdə dəqiq göstərilməsi mühüm əhəmiyyət daşıyır. Şikayətdə şəxsin cinayət məsuliyyətinə cəlb olunması barədə xahiş, sənədin tərtib edildiyi yer, tarix və şikayətçinin imzası da olmalıdır", - deyə F.Axundov vurğulayıb.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре