Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı qaydası dəyişib
Nazirlər Kabineti "Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası"nda dəyişiklik edib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.
Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsinin göndəriləcəyi kitabxanalar konkret müəyyənləşib. Başqa sözlə, indiyə qədər qüvədə olan qərara əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində "Kitabxana işi haqqında" qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi həmin anunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara göndərilməli idi.
Dəyişikliyə əsasən, dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində Azərbaycan Milli Kitabxanasına və 2 pulsuz məcburi nüsxəsi Azərbaycan Respublikası Prezidentinin Kitabxanasına, Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasına, Azərbaycan Respublikasının Dövlət Elmi-Tibbi Kitabxanasına, Respublika Elmi Kənd Təsərrüfatı Kitabxanasına, Respublika Elmi-Pedaqoji Kitabxanasına, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına və Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına göndərilməlidir.
Qeyd edək ki, Qaydaya əsasən, kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər aşağıdakılardır:
- dövlət nəşriyyatları;
- qeyri-dövlət nəşriyyatları;
- nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;
- qəzet və jurnal redaksiyaları;
- nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.