Adil Əliyev: Korrupsionerlərlə və iftiraçılarla mübarizə davam edəcək!

Azərbaycan Prezidenti cənab İlham Əliyevin başlatdığı siyasət bir neçə istiqamətdə uğurla davam edir. Dövlət başçısı 2018-ci il prezident seçkisindən sonra vəd etdiyi islahatları sürətlə həyata keçirir. Bu, Azərbaycanın inkişafı və sabitliyi üçün vacibdir.

Azərbaycanda geniş kadr islahatları davam edir. Yeni və gənc kadrlar dövlət idarəetməsinin bütün strukturlarına cəlb olunur. Gənclərin idarəetməyə cəlb edilməsi həm yeni baxışların və yanaşmaların formalaşmasına, həm də yeni iş yerlərinin yaradılmasına şərait yaradır. Dövləti və xalqı naminə qurub-yaratmaq həvəsi olanların idarəetməyə cəlb edilməsi onların yaşıdları üçün müsbət nümunəyə çevrilir. Bununla gənclər dövlətin onların arxasında dayandığını hiss edirlər. Azərbaycanın artan əhalisi hər zaman yeni iş yerlərinin açılmasını diqtə edir. Prezidentin sənayeləşməyə verdiyi üstünlük bununla bağlıdır. Sənaye müəssisələrinin sayı artmalıdır ki, yeni iş yerləri yaradılsın və gənclər üçün çalışmaq imkanları açılsın.

Cənab Prezidentin dövlət məmurları və sahibkarlar qarşısında qoyduğu əsas vəzifələrdən biri yeni iş yerlərinin yaradılmasıdır. Bunun üçün ölkəmizdə hər çür şərait var. Şəhər və qəsəbələrdə qurulan yeni müəssisələr, açılan yeni xidmət sahələri, kənd təsərrüfatına artan maraq aparılan ishalatların məntiqi nəticəsidir. Keçmiş illərdə rayon və kəndlərdə yaşayan gənclər iş dalınca şəhərlərə üz tuturdular. Ancaq indi tədricən əks proses başlayıb. Torpaqda çalışmaq, əkib-becərmək və son məhsulu bazara çıxarmaq yerlərdə kiçik və orta sahibkarlığın inkişafına şərait yaradır. Gənclərin aqroparklarda artan sayı da bundan xəbər verir. Kənd təsərrüfatı sahəsində genişlənən islahatlar yerli gəncləri torpağa və valideynlərinə daha sıx bağlayaraq şəhərə axınlarının qarşısını alır. Təsadüfi deyil ki, son illərdə xarici ölkələrə ixrac olunan kənd təssərrüfatı mallarının miyqası, çeşidi və gəliri artır.

Bu arada, Azərbaycanda korrupsiyaya qarşı mübarizə gücləndirilir. Son aylarda Azərbaycanın 5 rayonunda icra hakimiyyətlərinin başçıları həbs olunub. Həmin şəxslər sahibkarlardan, sadə vətəndaşlardan rüşvət alır, qanunsuz yolla varlanırdılar. Prezidentin koronavirusun yayıldığı dövrdə insanlar üçün ayırdığı pullar korrupsiyanın uğradığı bölgələrdə oğurlanırdı. Həmin harınlamış icra hakimiyyəti başçıları hətta aztəminatlı ailələrə ayrılan maliyyə və ərzaq yardımına da göz dikmişdilər. Belələri bundan sonra da ifşa olunacaq və qanun qarşısında cavab verəcəklər. Prezidentin söylədiyi kimi, əgər xaqlı yox, özünü düşünən məmurlar varsa, onlar elə bəribaşdan istefa verməlidirlər. Ancaq belələri düşünməsinlər ki, istefa onları törətdikləri cinayətdən xilas edəcək.

Prezident İlham Əliyev çıxışlarında hər dəfə qeyd edir ki, korrupsioner məmurlar məsuliyyətdən yaxalarını qurtara bilməyəcəklər. Prezident Azərbaycanın yeni Baş prokuroruna da tapşırıq verib ki, korrupsiyaya qarşı mübarizə sərtləşdirilsin. Mən həmkarlarımın o fikirləri ilə razıyam ki, bu illərdə korrupsioner məmurların əməllərinə göz yuman və bəzən onlarla əlbir olan yerli hüquq-mühafizə xidmətləri də baş verənlərə görə məsuliyyət daşıyırlar. Bəzi yerli hakimlər isə korrupsioner məmurların sahibkarların torpaq sahələrini əllərindən almalarına hüquqi don geydiriblər. Təsadüfi deyil ki, son vaxtlar hakimlər korpusunda da islahatlara başlanılıb. Buna da ehtiyac var.

Bir sözlə, Azərbaycanda korrupsiyaya qarşı sistemli mübarizə başlayıb. Buna heç kimin şübhəsi olmasın. Koronavirus epidemyası bütün ölkələrin iqtisadiyyatına mənfi təsir etdiyi kimi Azərbaycandan da yan keçməyib. Dünya bazarlarında neftin qiyməti xeyli aşağı düşüb. Bu isə o deməkdir ki, neft gəlirləri azalacaq. Buna görədir ki, cənab Prezident illərdir bir tezisi dönə-dönə təkrarlayır: "Qeyri-neft sektorunu inkişaf etdirmək lazımdır!" Vacib işlər görülüb, ancaq görüləsi işlərimiz hələ çoxdur. Korrupsiyaya qurşanan məmurlar isə qeyri-neft sektorunun inkişafına ən böyük əngəldirlər. Çünki onlar bu əməlləri ilə cəmiyyətin dövlətə olan etibarına zərbə vururlar. Bəziləri düşünürdü ki, korrupsiya ilə mübarizə yalnız qanunsuzluqla məşğul olan yerli icra hakimiyyəti strukturlarını əhatə edəcək. Ancaq Mədəniyyət Nazirliyi sistemində həyata keçirilən son həbslər göstərir ki, korruspiya ilə mübarizənin sərhədi yoxdur, qanunsuzluq edən hər bir struktur və məmur ifşa olunacaq. Azərbaycanın mədəni irsini qorumalı olan nazirlikdə korrupsiya faktları ikrah doğurur. Bu olay haqlı olaraq hər birimizdə hiddətlə qarşılanır. Mədəni irsimizə qarşı vandal hərəkətlərinə görə Ermənistanla mübarizə apardığımız dönəmdə yerli korrupsionerlər o bir tərəfdən dövlətimizə zərbə vururmuşlar. Ərazilər və təyinatlar rüşvətlə həyata keçirilirdi.

Cənab Prezident son çıxışlarının birində bəzi nazirliklərdə vəzifələrə rüşvətlə təyinatlardan danışdı. Bu, artıq ona işarə idi ki, Azərbaycanda bəzi nazirliklərdə də qanunsuzluqlara qarşı mübarizə başlayacaq. Elə də oldu. Haqq və ədalət korrupsiyaya qurşanan digər məmurları haqlayacaq.

Bu arada, xaricdə və daxildə Azərbaycan Prezidentinə və onun kursunu müdafiə edən cəmiyyətə qarşı hücumlara da ara verilmir. Söyüş və iftira qrupu yenə iş başındadır.

Xaricdə yaşayan soydaşlarımızın mütləq əksəriyyəti vətənə bağlı insanlardır. Xarici ölkələrə mütəmadi səfərlərim zamanı soydaşlarımla görüşür, onlarla fikir mübadiləsi aparıram. Ancaq xarici ölkələrdə kiçik azlıq da var ki, dövlətimizi və hakimiyyətimizi aşağılamağa çalışır, əsl söyüş makinasına çeviriliblər. Onların danışıq üslubu söyüş və təhqirdən ibarətdir. Yaxşı yadımdadır, xarici ölkələrin birində Qarabağla bağlı möhtəşəm tədbir keçirirdik. Həmin söyüş qrupu hətta azərbaycanlıların ümumi dərdi olan Qarabağla bağlı tədbirimizi pozmağa cəhd etdi. Alınmadı. İçəri dəvət etdik, gəlmədilər. Çünki qorxdular ki, zaldakı çoxluq onların təhqirlərinə sərt reaksiya verəcək. Avropanın müxtəlif ölkələrində kök salmış həmin azsaylı söyüş qrupunun məqsədi dəyişməyib. Yaşadıqları ölkədə həyatlarını qurmaq, ordakı cəmiyyətə inteqrasiya olmaq əvəzinə bütün günü internet qarşısında oturub söyüş və təhqir yağdırırlar. Bu ağıldan kasad olanlar düşünürlər ki, söyüşlə nəyəsə nail ola biləcəklər. Söyüş qrupu düşünməsin ki, xaricdə oturublarsa, kimi gəldi təhqir edə bilərlər. İnsanı təhqir etmək onların sığınacaq aldıqları ölkədə də ciddi qanun pozuntusu sayılır və bir gün təhqirlərinə və iftiralarına görə yaşadıqları ölkədə də cavab verməli olacaqlar.

Bu illərdə mən həmin qrupun fəaliyyətini izləyərək bu qənaətə gəlmişəm ki, söyüş söyənlər eyni mərkəzdən idarə olunurlar. Həmin mərkəzin başında isə Əli Kərimli dayanır. Bunu demək üçün ciddi əsaslarım var. Birincisi, iftira atanların mütləq əksəriyyəti Əli Kərimlinin Avropadakı yaxın tərəfdarlarıdır. Onlar əlaqəli şəkildə fəaliyyət göstərirlər. Xaricdən ondan tez-tez müsahibə götürənlər elə həmin söyüş qrupunun nümayəndələridir. Əli Kərimlinin son müsahibəsində yalanlardan biri də budur ki, guya o, tərəfdarlarına söyüş söyməyi, iftira atmağı qadağan edib. Ancaq həmin söyüş söyənlərin danışıq və yazı tərzində dəyişən heç nə yoxdur. Sosial şəbəkələrdə yazdıqlarına, dediklərinə diqqət yetirmək kifayətdir ki, bundan hali olasan. Əli Kərimli xaricdəki söyüşcül tərəfdarlarına başqalarının ünvanına söyüş söyməyi, iftira atmağı nəinki qadağan edib, əksinə, onlara daha radikal olmağı tövsiyə edib. Çünki, qeyd etdiyim kimi, söyüş söyənlərin və iftira atanların danışıq və ifadə tərzində dəyişən bir şey yoxdur. Buradan Əli Kərimliyə və onun xaricdəki qrupuna müraciət edərək bildirirəm ki, mən və mənim kimilər mütləq əksəriyyətdir, biz Prezidentimizə və dövlətimizə sadiq insanlarıq, bizi heç nə ilə qorxutmaq mümkün deyil. Korrupsionerlərlə mübarizə apardığımız kimi, dövlətimizi qaralamağa çalışan iftiraçılarla mübarizəmiz də var gücüylə davam edəcək!

Adil Əliyev

Milli Məclisin sədr müavini