"Azərişıq" hava şəraiti ilə bağlı gücləndirilmiş iş rejiminə keçib

Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq "Azərişıq" ASC gücləndirilmiş iş rejiminə keçib.

Bunu Trend-ə açıqlamasında qurumun mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu deyib.

Onun sözlərinə görə, mövcud hava durumu ilə əlaqədar əlavə mal-material və texnika ayrılıb:

"Ötən gecədən başlayaraq güclü küləklə müşaiyət olunan yağışlı hava "Mərkəzi Aran" Regional Enerji Təchizatı və Satış idarəsinin (RETSİ) ərazisində olan Göyçay, Ağsu ,"Bakı" RETSİ-nin ərazisində olan Abşeron rayonu ərazisində elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaradıb. Əməkdaşlarımızın operativliyi nəticəsində fasilələr qısa müddətdə aradan qaldırılıb.

İstehlakçılardan xahiş edirik ki, qarşılaşdıqları hər hansı kəsinti ilə əlaqədar 24 saat fasiləsiz fəaliyyət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar".