Prezident İlham Əliyevin göstərişi ilə YAP tərəfindən inşa edilən mənzil birinci qrup Qarabağ müharibəsi əlilinə təqdim edilib

Yevlax rayon sakini, birinci qrup Qarabağ müharibəsi əlili Həsənov Tahir Hüseyn oğlunun Azərbaycan Respublikasının Prezidenti,Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə müraciəti əsasında ona Yevlax şəhərində növbədənkənar 2 otaqlı mənzil inşa edilib.

Təşkilatdan Trend-ə verilən məlumata görə, Tahir Həsənovun əlil olması nəzərə alınaraq evinin tikintisi zamanı evinə rahat girib-çıxması üçün pandus quraşdırılıb. Həmçinin Qarabağ müharibəsi əlilinin istəyinə uyğun olaraq Yeni Azərbaycan Partiyası tərəfindən mənzilin otaqları, mətbəxi lazımi mebel avadanlıqları ilə təchiz edilib, dizayna uyğun olaraq pərdələr asılıb, həyətində abadlıq işləri görülüb, meyvə və bəzək ağacları əkilib.

9 May 2020-ci il tarixdə yeni inşa edilmiş mənzil birinci qrup Qarabağ müharibəsi əlili Tahir Həsənova təqdim edilib.

Göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə dərin təşəkkürünü bildirən Tahir Həsənov 1971-ci ildə Novosibirski Ali hərbi siyasi məktəbini bitirərək, zabit kimi bir neçə xarici dövlətlərdə hərbi xidmət keçmişdir.1984-cü ildə Azərbaycana qayıdıb və Naxçıvanda xidmətini davam etdirib. O, Moskvada Lenin adına Hərbi Siyasi Akademiyasını bitirəndə Ulu Öndər Heydər Əliyevlə görüşüb və akademiyanı bitirməsi barədə diplomu ona Ümummmilli lider Heydər Əliyev təqdim edib. Ermənistanın Azərbaycana təcavüzü başladığı gündən o, torpaqlarımızın azadlığı uğrunda batalyon komandiri kimi döyüşlərə qoşulub, uzun bir döyüş yolu keçərək briqada komandiri vəzifəsinə qədər yüksəlıb. Fizuli rayonunda gedən döyüşlər zamanı ağır yaralanan Tahir Həsənov polkovnik-leytenant rütbəsində təqaüdə çıxıb.