Sevil Mikayılova: Azərbaycanın dünyada nüfuzu getdikcə artır və sözü eşidilən bir ölkəyə çevrilib
Azərbaycan Prezidenti İlham Əliyev zamanında qərar verərək ölkədə modul tipli xəstəxanaların tikilməsi üçün sərəncam imzaladı.
Day.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, cənab Prezident tərəfindən bir müddət əvvəl imzalanmış sərəncamın nə qədər yerində verilmiş qərar olduğu bir daha aydın olur:
"Bu gün hətta Avropa ölkələri ikinci dalğanın ola biləcəyi ilə bağlı həyəcan təbili çalır. Yəni pandemiya bitməyib, təhlükə hələ də var, virus ortadadır və onunla mübarizə aparmaq üçün yeni çağırışlara hazır olmaq lazımdır. Cənab Prezident İlham Əliyev məhz belə bir anda vaxtında addım atdı və modul tipli xəstəxanaların tikintisi ilə bağlı qərarını verdi.
Əlbəttə, virusun ikinci, üçüncü dalğasının olacağı barədə verilən proqnozların real olub-olmayacağını gələcək göstərəcək, amma Azərbaycan dövləti buna hazırdır".
S.Mikayılova, həmçinin Qoşulmama Hərəkatının Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş "COVID-19-a qarşı birlikdəyik" mövzusunda Zirvə görüşü haqqında danışıb.
Deputat bildirib ki, Zirvə görüşündə 40 ölkənin prezidentinin iştirakı, eləcə də bir sıra beynəlxalq təşkilatların, o cümlədən BMT, Ümumdünya Səhiyyə Təşkilatı, Avropa Birliyi, Afrika İttifaqı kimi təşkilatların birinci şəxslərinin bu konfransa canlı qoşulması əlbəttə ki, Azərbaycan Prezidentinin təşəbbüsünün nə qədər aktual olduğunu və eləcə də Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatının apardığı mübarizədə ön sıralarda getdiyinin daha bir göstəricisidir:
"Prezident İlham Əliyev videokonfrans iştirakçıları ilə Azərbaycanın təcrübəsini bölüşdü, ölkəmizin pandemiya ilə mübarizə istiqamətində atdığı addımları, bu istiqamətdə gördüyü işləri konfrans iştirakçılarının diqqətinə çatdırdı. Ümumdünya Səhiyyə Təşkilatı məhz Azərbaycanı bir nümunə olaraq dünyaya göstərir və Azərbaycan Prezidentinin bu pandemiya ilə mübarizədə həm beynəlxalq səviyyədə göstərdiyi səylərini, eyni zamanda Azərbaycanın daxilində gördüyü işləri çox yüksək dəyərləndirir.
Azərbaycan Prezidenti həm milli-regional, həm də beynəlxalq səviyyədə pandemiya ilə mübarizədə öz sözünü deyib, beynəlxalq birliyə həm təcrübəsini təklif edir, eyni zamanda humanist, insanpərvər mövqedən çıxış edərək maliyyə sıxıntıları çəkən ölkələrə yardımlar edir. Buna görə də Azərbaycan artıq beynəlxalq birliyin ən dəyərli üzvü statusunu qazanıb, təsadüfi deyil ki, ölkəmizə böyük inam var, Azərbaycanın dünyada nüfuzu getdikcə artır və sözü eşidilən bir ölkəyə çevrilib".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.