Aydın Hüseynov: Korrupsiya əməlinə yol verən hər kəs mütləq cəzasını alacaq
Korrupsiya əməlinə yol verən hər kəs mütləq cəzasını alacaq.
Bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Onun sözlərinə görə, Azərbaycanda aparılan genişmiqyaslı islahatların əsas istiqamətlərindən birini də korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir.
A.Hüseynov bildirib ki, korrupsiya əməllərinə son qoyulması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağırışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olub:
"Kadr islahatları nəticəsində işi təkmilləşdirilməklə peşəkarlıq səviyyəsi daha da yüksəldilmiş Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən Yevlax şəhərinin və Ağstafa, Biləsuvar, İmişli, Neftçala rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələri cinayət məsuliyyətinə cəlb olunaraq həbs ediliblər.
Dövlət başçısı Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edərkən ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılması ilə bağlı prinsipal mövqeyini bir daha diqqətə çatdırdı, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakmiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan çirkin əməllərə yol verən mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq şəkildə bildirdi.
8 may tarixində DTX tərəfindən Mədəniyyət Nazirliyində həyata keçirilən xüsusi əməliyyat ölkə Prezidentinin sözügedən bəyanatının özünü çox gözlətməyən nəticəsi oldu. Belə ki, qeyd olunan nazirliyin bir sıra yüksək vəzifəli şəxsləri öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələrinə görə təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri seçilib".
Deputatın sözlərinə görə, qanun qarşısında hamı bərabərdir və öz faliyyətlərində qeyri-qanuni əməllərə yol verən hər kəs mütləq cəzasını alacaq.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.