Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü İsveçrədə qeyd olunub
İsveçrənin Bern və Soloturn şəhərlərində fəaliyyət göstərən "Qarabağ" Azərbaycan məktəblərinin şagirdləri üçün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr olunan və eləcə də Şuşa şəhərinin işğalına dair onlayn dərs keçirilib.
Çıxış edən Azərbaycanın İsveçrə Konfederasiyasındakı səfiri Xanım İbrahimova Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətləri barədə danışıb və bu gün Azərbaycan dövlətçiliyinin banisi olan Heydər Əliyevin doğum günü olması vurğulanıb. Səfir Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat verib, Ümummilli liderin xalqımız qarşısındakı misilsiz xidmətlərindən söz açıb və Azərbaycan xalqının tarixində dərin iz qoymasını qeyd edib.
Səfir həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Ümummilli liderin əvəzsiz xidmətləri barəsində şagirdlərə məlumat verib. Səfir çıxışında həmçinin 1992-ci il mayın 8-də Şuşa şəhərinin erməni silahlı qüvvələri tərəfidnən işğal olunması və işğal prosesində və işğaldan keçən 28 il ərzində Şuşanın tarixinin bu gün də dağıdılmaqda olmasını qeyd edib. X.İbrahimova şagirdlərə Şuşa şəhərinin tarixi barəsində də məlumat verib və şəhərin Azərbaycan ədəbiyyatının və musiqisinin beşiyi olmasını və bir neçə sənətkarlıq məhsulları və eləcə də xalça istehsalı ilə də şöhrət qazanmasını bildirib. Səfir Dağlıq Qarabağda rəhbər vəzifələri ələ keçirən ermənilərin Şuşanın azərbaycanlı əhalisinə qarşı repressiyalar törətməsi barəsində danışıb və Şuşanın yenidən dirçəlməsi yalnız 1969-cu ildə Ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsindən sonra mümkün olmasını qeyd edib. X.İbrahimova Ümummilli lider Heydər Əliyevin sayəsində 12 may 1994-cü il tarixində atəşkəsə dair razılıq əldə olunmasını qeyd edib və Heydər Əliyevin həyat və fəaliyyətinin, zəngin irsinin nəsillərə örnək olan bir məktəb olmasını və Azərbaycan xalqının bu böyük oğlunun müstəqil ölkəmizin memarı və xilaskarı olmasını şağirdlərin diqqətinə çatdırıb.
Daha sonra İsveçrədə Azərbaycanlıların Koordinasiya Şurasının əlaqələndiricisi Qasım Nəsirov tərəfindən şagirdlər üçün hazırlanmış xüsusi onlayn dərs keçirilmiş və Səfirlik tərəfindən şağirdlərin diqqətinə təqdim edilmiş Ümummilli lider Heydər Əliyevin irsinə dair və Şuşa şəhərinin tarixinə dair linklər üzərində fikir mübadiləsi aparılıb. Q.Nəsirov tərəfindən tarixə kiçik ekskurs edilib və şagirdlərə növbəti dərsə qədər bu linklər üzərində çalışmalarını və növbəti dərsdə daha dərindən sual-cavabın olacağını bildirib. Sonda şagirdlərin sualları cavablandırılıb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.