Mədəniyyət Nazirliyi “Evim - yeni iş yerim” layihəsini təqdim edir
Dünyada COVİD-19 pandemiyasının yayılması, demək olar ki, bütün ölkələrin karantin, xüsusi karantin və ya fövqəladə hal elan etməsi həyatın bütün sahələrində fövqəl davranışlar tələb edir. Bunula bağlı dövlət orqanları, özəl təşkilatlar, fərdi şəxslər öz fəaliyyət istiqamətləri üzrə çevik davranış metodlarını tətbiq etməyə başlayıb.
Mədəniyyət Nazirliyindən Day.Az-a verilən məlumata görə, ölkəmizdə də xüsusi karantin rejimi elan edildikdən sonra əmək fəaliyyətinin əsas məkanı insanların öz yaşadıqları evləri olub və tətbiq edilən çevik metodlar, internet resurslarından, mövcud texniki vasitələrdən istifadə nəticəsində həyatın bütün sahələrində fəaliyyət təmin edilib.
Xüsusi karantin dövründə Mədəniyyət Nazirliyi öz fəaliyyətini mövcud şəraitə uyğunlaşdırılmış şəkildə davam etdirir. Müxtəlif onlayn layihələr, müsabiqələr, konsertlər təşkil edilir. İdarəçilikdə mövcud texnoloji imkanlardan istifadə edilməklə mobil cihazlar, internet qəbuledicili texniki avadanlıqlar üzərindən həyata keçirilir.
Nazirlik özünün bu qəbildən olan yeni "Evim - yeni iş yerim" layihəsini elan edir. Layihənin məqsədi insanların ev şəraitində öz işlərini qurmasına, məsafədən idarəçiliyin metodları barədə təbliğat, maarifləndirmə işləri aparmaqla mövcud şəraitdə hər kəsi pozitiv əhval ruhiyyəyə səsləmək, ümid və optimizə dəstək olmaqdır.
Layihə çərçivəsində ilkin olaraq Mədəniyyət Nazirliyinin tabeliyində olan idarə və təşkilatların iş prinsipi, əldə etdikləri nailiyyətlər videorolik formasında nazirliyin rəsmi facebook səhifəsində #evimyeniişyerim həştəqi ilə nümayiş etdiriləcək. Eyni zamanda təşəbbüslə bağlı ictimaiyyətin nümayəndələrini, müxtəlif təşkilat və şəxsləri işlərini karantin rejimində necə qurmaları ilə bağlı videolarını hazırlamağa və sosial şəbəkələrdə #evimyeniişyerim həştəqi ilə paylaşmağa çağırırıq.
Öz fəaliyyətlərini ən innovativ yeniliklərlə quran, habelə paylaşılan videosu ən çox baxış sayı alan şəxslər, təşkilatlar 25-30 may tarixlərində aparılacaq onlayn monitorinqlərdən sonra mükafatlandırılacaqlar.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.