Flora Kərimova ərinin ölümündən danışdı: "Zümrüd olmasaydı həyatla vidalaşardım"
Xalq artisti Flora Kərimova 1988-ci ildə avtomobil qəzasında həyatdan köçən həyat yoldaşı ilə bağlı paylaşım edib.
Day.Az baku.ws-ə istinadən xəbər verir ki, Flora xanım həmin günləri belə xatırlayır:
"Qızımın atası avtomobil qəzasına düşdü. Gözlənilmədən oldu. Birdən-birə büllur saray gözümün önündə çilik-çilik oldu. İnanın, o dövrdə qızım olmasaydı, həyatımla vidalaşardım".
Sənətkar mərhum həyat yoldaşının ölümünə itfah edilmiş "Yoxluğunu bilə-bilə" mahnısının yaranma tarixindən söz açıb:
"Zivər xanım zəng etdi və mənim itkimə-dərdimə sözlər yazdığını dedi. O aralar kimləsə danışmağa, hansısa mahnını məşq edib oxumağa heyim yox idi. Təbii ki, 1 il oxumadım. Sözlər məni çox tutdu (ağlayır) və bəstəkar Elza İbrahimovaya zəng etdim. Elza xanım mənim itkimi özünkü kimi qəbul edirdi. Mahnının sözlərinə 2 gün ağladıqdan sonra musiqini 5-10 dəqiqəyə yazıb.
Yoldaşım 1988-ci ildə rəhmətə getdi, onun ölümündən sonra efirə 1989-cu ildə - birinci də bu mahnı ilə çıxdım. Yadımdadır, qara paltarda idim. Adımı elan etdilər, oxumağa başlayanda göz yaşlarım sel kimi axdı. Müğənni ağlayanda oxuya bilmir, səs yatır axır. Orkestrin rəhbəri rəhmətlik Rafiq Babayev idi, ağladığımı görüb yaxınlaşdı və "səsin yatır, darıxma, yanındayam" dedi. O sözdən sonra özümü toparladım və mahnını elə oxudum ki, bəlkə də, mən bu mahnını heç vaxt o dərəcədə küskün, üsyanlı, yazıq və bədbəxt oxumamışam".
Xatırladaq ki, F.Kərimova iki dəfə ailə qurub. İlk həyat yoldaşı məşhur cərrah İbrahim Topçubaşov olub. Onların arasında 20 yaş fərq olub. Flora xanım İ.Topçubaşovun ölümündən bir neçə il sonra qızı Zümrüdün atası Faiq Şəfiyevlə ailə qurub. F.Şəfiyev biznesmen olub.
Sənətkarın iki övladı var. Oğlu Almaniyada, qızı İngiltərədə yaşayır. Oğlunu Zümrüd doğulmadan çox əvvəl qardaşından övladlığa götürüb.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.