"Atamın ömrünü Daşqının ölümü qısaltdı" - Həsənağa Turabovun doğum günündə QIZI DANIŞIR

Bu gün Xalq artisti, mərhum aktyor Həsənağa Turabovun ad günüdür.

O, 1938-ci il aprelin 24-də Bakıda dünyaya göz açıb. Əslən Cənubi Azərbaycandan idi. Bakının "Zərgərpalan" adlanan məhəlləsində böyüyən gələcəyin sənətkarı 1955-ci ildə daxil olduğu Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun aktyorluq fakültəsini 1960-cı ildə bitirir. Mehdi Məmmədovun kursunda təhsil alan Həsənağa ali məktəbi bitirdiyi ildən Akademik Milli Dram Teatrında işə başlayır. Teatrda işlədiyi son on dörd ili (1987-2001) isə bu mədəniyyət ocağına rəhbərlik edir.

Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilib, Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolları ifa edib. Ağasadıq Gəraybəyli, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, Mehdi Məmmədov, Adil İsgəndərov və neçə-neçə başqa sənətkarlarla tərəf-müqabil olub. Səhnədə yaratdığı rollar arasında Vahid ("Kəndçi qızı"), Azər ("Yaxşı adam"), Hamlet ("Hamlet"), Lionel ("Orman qızı"), İsgəndər ("Ölülər") Xəyyam ("Xəyyam") xüsusilə seçilir.

Həsənağa Turabov bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində maraqlı və yaddaqalan surətlər yaradıb. "Yeddi oğul istərəm" filmindəki Gəray bəy obrazı onun ən yaddaqalan rollarındandır. Onun digər bir yaddaqalan rolu "Babək" filmində yaratdığı Afşin roludur. Həsən Turabovun "Axırıncı aşırım", "Çarvadarların izi ilə", "Ürək... Ürək...", "Sevinc buxtası", "Dantenin yubileyi", "Qəm pəncərəsi", "Bəyin oğurlanması" və başqa filmlərdəki rolları da öz ifa tərzilə seçilir.

Aktyorluqla yanaşı o rejissorluq peşəsinə də yiyələnib. O, "Qanlı zəmi" filminin rejissoru olub. Onun son çəkildiyi filmlər isə Rüstəm İbrahimbəyovla Ramiz Həsənoğlunun "Ailə" və Eldar Quliyevin "Nə gözəldir bu dünya..." filmləri olub.

Bundan başqa Həsənağa Turabov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru kimi pedaqoji fəaliyyətini də davam etdirib.

Çoxları onu həddən artıq əzazil, rəhmsiz biri kimi təsəvvür edirlər. Əslində isə o, göründüyü kimi deyilmiş. Sadəcə, nizam-intizamı çox sevirmiş və öz işində də yetərincə məsuliyyətliymiş.

Həsənağa Turabovun iki oğul, bir qız övladı var. Onun böyük oğlu Daşqın polisdə işləyirdi, cavan yaşında həlak olub. Oğlunun ölümündən sonra aktyorun səhhətində problemlər yaranır. O vaxta qədər sağlamlığından heç vaxt şikayət etməyən Turabovun səhhəti kəskin surətdə pisləşməyə başlayır.

Milli.Az bildirir ki, mərhum sənətkar barədə onun qızı Sevinc Turabova xatirələrini "ölkə.az"la bölüşüb.

"O, mənə təkcə ata deyildi, biz həm də dost idik. Dərdləşirdik, məsləhətləşirdik, mənim fikirlərimə qiymət verirdi. Bir yerdə kinoya, tamaşalara gedirdik. Hər zaman mənə, qardaşlarıma  deyirdi ki, çalışdığınız qədər yaxşılıq edin, pislik etməkdən qaçın. Özü də hər zaman istəyirdi hamıya yaxşılıq etsin.  Həsənağa Turabov həm də vəfalı dost idi. Bu xüsusiyyətinə görə dostları arasında çox sevilirdi. Qardaşım Daşqının vaxtsız ölümü atamın ömrünü qısaltdı. Yoxsa o, çox yaşayardı. Atamsız, Daşqınsız həyatın mənası yoxdur".

Xalq artisti 2003-cü il fevralın 23-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişir. (ölkə.az)