Nüfuzlu fransız qəzeti Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətini geniş şəkildə işıqlandırıb
Fransanın nüfuzlu "Laqazette-dgi.com" qəzeti Beynəlxalq Muğam Mərkəzinin (BMM) onlayn layihəsi haqqında məqalə yayımlayıb.
Day.Az Trendə istinadən xəbər verir ki, qəzet BMM-nin solistləri tərəfindən ərsəyə gətirilən "Qarabağ şikəstəsi" ifasını xüsusi qeyd edib.
Xəbərdə bildirilir ki, Beynəlxalq Muğam Mərkəzi xüsusi karantin rejimi günlərində də yeni onlayn layihələrlə "Facebook" və "İnstagram" sosial şəbəkələri üzərindən sənətsevərlərlə ünsiyyəti davam etdirir.
Qeyd olunub ki, bu layihələr karantin günlərində evdə olan vətəndaşlarımıza bütün mümkün vasitələrdən istifadə edərək Azərbaycan mədəniyyətinin, muğam sənətimizin zənginliyini çatdırmaq məqsədi daşıyır.
Mərkəzin növbəti layihəsi izləyicilər tərəfindən böyük maraqla qarşılanıb. "Qarabağ şikəstəsi" BMM-in xanəndələri tərəfindən ayrı-ayrılıqda evdən canlı bağlantı ilə ifa olunub.
"Evdə qal" çağırışlı layihədə Əməkdar artistlər Sevinc Sarıyeva, Səbuhi İbayev, Təyyar Bayramov və Elnur Zeynalov instrumental ifaçılar Rəşad İbrahimov (tar), Siyavuş Kərimov (qaval) və Təbriz Yusubov (kamança) yer alıblar.
Qeyd edək ki, BMM yerli və beynəlxalq media nümayəndələri ilə sıx əməkdaşlığın yaradılması və genişləndirilməsi sahəsində fəaliyyətini davam etdirir. Bu günə kimi Qazaxıstan, Rusiya, Özbəkistan, Gürcüstan və Türkiyə televiziya kanalları mərkəzin fəaliyyətini əks etdirən veriliş və süjetlər hazırlayaraq təqdim ediblər.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.