Sürixdə “Bir kəmər Bir yol” forumu keçiriləcək

Bildiririk ki, ölkəmizin də qoşulduğu "Bir Kəmər, Bir Yol" beynəlxalq əməkdaşlıq təşəbbüsü ilə bağlı Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı səfirliyi tərəfindən mütəmadi əsasda işlər aparılmaqda və silsilə tədbirlər həyata keçirilməkdədir.

İsveçrə-MDB Birgə Ticarət Palatasının direktoru Dorit Sallis və "Switzerland Global Enterprise" təşkilatının MDB regionu üzrə baş məsləhətçisi Mixael Kühn keçirilən görüşlərdə səfir Xanım İbrahimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar sayəsində ölkəmizə daha çox xarici investisiyaların cəlbi istiqamətində iqtisadi tədbirlərin davam etdirildiyini söyləyib. O bildirib ki, Azərbaycanın sürətli iqtisadi inkişafı ölkəmizi transformasiya etməyə kömək etmiş, Azərbaycana yatırılan böyük həcmdə sərmayələr ölkəmizi müasirləşdirməyə və müasir infrastrukturun, o cümlədən nəqliyyat sahəsində infrastrukturun yaradılmasına töhfə verib. 

Səfir Xanım İbrahimova "Bir Kəmər, Bir Yol" beynəlxalq əməkdaşlıq təşəbbüsü ilə bağlı danışaraq layihənin yalnız nəqliyyat bağlılığını təmin etmədiyini, onun həmçinin, müxtəlif ölkələr arasında əlaqələri gücləndirdiyini, dialoq və əməkdaşlığın möhkəmləndirilməsi işinə xidmət etdiyini və beynəlxalq ticarət üçün yeni imkanlar yaratdığını vurğulayıb. Səfir ölkəmizin bir neçə nəqliyyat dəhlizlərinin qovşağında mərkəz rolunu oynamaq üçün bütün lazımi infrastruktura malik olduğunu qeyd edərək  həyata keçirilən "Şərq-Qərb", "Şimal-Cənub" və "Cənub-Qərb" nəqliyyat dəhlizlərinin sayəsində Azərbaycanın Asiya ilə Avropa arasındakı ticarətdə ən qısa məsafəni təmin etmək iqtidarında olduğunu söyləyib. Bundan əlavə səfir Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Ələt Beynəlxalq Dəniz Ticarət Limanı, yeni salınmış avtomobil yolları və hava limanları barədə ətraflı məlumat verib.

Keçirilən görüşlərin nəticəsi olaraq cari ilin sentyabr ayında Sürix şəhərində keçiriləcək "Yeni İpək Yolu" strategiyasına həsr olunmuş 5-ci Forum çərçivəsində Səfirliyin təşkilatçılığı, həmçinin İsveçrə-MDB Birgə Ticarət Palatası və "Switzerland Global Enterprise" təşkilatı ilə birgə Azərbaycanın mühüm infrastruktur layihələri ilə bağlı tədbirin keçirilməsi təşəbbüsü ilə bağlı qərar qəbul edilib.

Həmsöhbətlər adıçəkilən təşəbbüsün İsveçrə-Azərbaycan əlaqələri nöqteyi-nəzərindən vacibliyini qeyd etmiş və "Bir Kəmər, Bir Yol" beynəlxalq əməkdaşlıq layihəsi çərçivəsində Azərbaycanın rolu ilə bağlı tədbirə İsveçrənin aidiyyəti qurumlarının cəlb olunması razılaşdırılıb.