Fərhad Qaraşov: Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətdir
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında Sahibkarlar Gününün təsis edilməsi haqqında" 2016-cı il 21 aprel tarixli Sərəncamına əsasən, aprelin 25-i Azərbaycanda Sahibkarlar Günü kimi qeyd edilir. Sahibkarlar Gününün təsis olunması ölkənin sosial-iqtisadi inkişafında, məşğulluğun təmin olunmasında sahibkarların fəaliyyətinə verilən yüksək qiymətdir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının sədri Fərhad Qaraşov bildirib.
F.Qaraşov bildirib ki, aparılan islahatlar çərçivəsində son illərdə sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən sistemli tədbirlər, qanunvericiliyin təkmilləşdirilməsi, şəffaf inzibati tənzimləmə və dövlət dəstəyi mexanizmlərinin yaradılması və genişləndirilməsi, sahibkarların hüquqlarının və qanuni mənafelərinin etibarlı müdafiəsi və digər tədbirlər nəticəsində bu gün sahibkarlar iqtisadiyyatın aparıcı qüvvəsinə çevrilib:
"Son dövrlərdə koronavirus (COVID-19) pandemiyası dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi bizim iqtisadiyyatımıza da təsir göstərir. Bu səbəbdən ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı Nazirlər Kabinetinə 2.5 milyard manat vəsait ayrılması və sonradan bu istiqamətdə əlavə maliyyə vəsaitinin ayrılması, o cümlədən sahibkarlıq subyektlərinə, fərdi sahibkarlara birbaşa maliyyə dəstəyi göstərilməsi, vergi güzəştlərinin tətbiq edilməsi, aztəminatlı ailələrə birdəfəlik yardımların verilməsi biz sahibkarlar tərəfindən yüksək qiymətləndirilir".
F.Qaraşov vurğulayıb ki, bu dövrdə həyata keçirilən dəstək sahibkarların fəaliyyəti üçün mühüm kömək və əvəzedilməz stimul olub:
"25 aprel "Sahibkarlar günü" münasibətilə bütün sahibkarları təbrik edir, bol uğurlar arzulayıram".
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.