Vüqar Bayramov: AYİB-in cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə planı qeyri-neft sektorunun inkişafına stimul verəcək

Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırması qeyri-neft sektorunun inkişafına stimul verəcək.

Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

V.Bayramov qeyd edib ki, postpandemiya dövründə ölkəmizə xarici investisiyaların cəlb edilməsi prioritet məsələlərdən biridir:

"Xüsusilə qeyri-neft sektorunda xarici investisiyanın cəlbi ilə bağlı Prezident İlham Əliyevin tapşırığı var. Xarici investisiya bir tərəfdən qeyri-neft sektorunda sərmayəyə olan tələbin ödənilməsinə yardım edir, digər tərəfdən isə xüsusən də Avropa Yenidənqurma və İnkişaf Bankı kimi aparıcı maliyyə qurumlarının xətti ilə cəlb edilən innovasiya və texnologiyanın qeyri-neft sektoruna cəlb edilməsi baxımından vacibdir. Bu, daha çox innovativ və texnoloji yenilikləri qeyri-neft sektoruna cəlb edə bilməyimiz üçün imkan yaradır".

Millət vəkilinin sözlərinə görə, postpandemiya dövründə qeyr-neft sektorunda rəqabət qabiliyyətli və emaledici məhsul istehsalının artırılması hədəflənir:

"Daha çox xammala əsaslanan qeyr-neft ixracatından innovativ və emaledici məhsul istehsalına söykənən ixracat modelinin formalaşdırılması prioritetdir. Nəzərə alaq ki, 2015-ci ildən sonra aparılan islahatlar mərhələli şəkildə Azərbaycanın qeyri-neft ixracatında emaledici məhsulların payının artırılmasına imkan verir".

Deputat bildirib ki, emaledici məhsulların ixracatdakı payının artırılmasında xarici investisiyaların cəlbi həlledicidir:

"Pandemiyadan sonrakı dövrdə hər bir ölkə xarici investisiyaların cəlb edilməsində maraqlı olacaq. Bu, mövcud pandemiya şəraitində iqtisadi inkişafa dəstək baxımından zəruridir. Avropa Yenidənqurma və İnkişaf Bankının cari ildə Azərbaycana 250 milyon dollardan artıq sərmayə yatırmağı planlaşdırması qeyri-neft sektorunun inkişafına stimul verən faktorlardan biridir. Hazırda ölkəmizdə aparılan islahatlar qeyri-neft sektorunda sahibkarlar üçün geniş imkanlar yaradıb. Bu imkanlar fonunda həm yerli, həm də xarici investisiyalara ciddi ehtiyac var".

V.Bayramov əlavə edib ki, fərqli mənbələrdən investiyaların cəlb edilməsi Azərbaycanda əvvəlki illərdə formalaşmış infrastrukturu istifadə etməklə və dəyər zəncirinə uyğun olaraq yerli məhsul istehsalının genişlənməsinə gətirib çıxaracaq.