Sahibkarlıq subyektləri üçün sosial sığorta dərəcələrinin hesablanması qaydası dəyişir

Azərbaycanda sahibkarlıq subyektləri üçün sosial sığorta dərəcələrinin hesablanması qaydası dəyişdirilir.

Day.Az-ın məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Sosial sığorta haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Hazırda muzdlu işə aid olmayan fəaliyyətdən gəlir əldə edən sığortaolunanlar üzrə məcburi dövlət sosial sığorta haqqı dərəcəsi fəaliyyət istiqamətinə görə müəyyən edilir. Belə ki, sahibkarlıq subyektləri üzrə minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında sosial sığorta dərəcəsi tətbiq edilir.

Qanuna təklif edilən yeni dəyişikliyə əsasən, sahibkarlıq fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının tikinti sahəsində 50 faizi, digər sahələrdə 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı ödəniləcək.

Bununla yanaşı, məcburi dövlət sosial sığorta haqqı toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət göstərən fiziki şəxslər üçün minimum aylıq əməkhaqqının 5 faizi miqdarında, fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində fəaliyyət üzrə minimum aylıq əməkhaqqının 5 faizi miqdarında, çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri üzrə minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban, aşbaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) üzrə minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, nəqqaşlıq emalatxanalarının fəaliyyəti üzrə minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan şəxslər üzrə minimum aylıq əməkhaqqının 3 faizi miqdarında, fərdi qaydada dərzi fəaliyyəti ilə məşğul olan şəxslər üzrə minimum aylıq əməkhaqqının 3 faizi miqdarında hesablanacaq.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II dərəcə əlilliyi olan şəxslər, həmçinin sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıda göstərilən dərəcələri üzrə hesablanacaq:

5 hektaradək olduqda - 2 faiz miqdarında;
5 hektardan 10 hektaradək olduqda - 6 faiz miqdarında;
10 hektardan yuxarı olduqda - 10 faiz miqdarında;

Dəyişikliyə əsasən, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada "Fərqlənmə nişanı" alan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün sosial sığorta haqqı minimum aylıq əməkhaqqının 6 faizi miqdarında hesablanacaq.

Dəyişikliklər səsə qoyularaq birinci oxunuşda qəbul edilib.