KOB Dostu ofisləri yenidən sahibkarların xidmətindədir

Mayın 4-dən etibarən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, ölkənin digər şəhər və rayonlarında fəaliyyət göstərən Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) "KOB Dostu" ofislərində mikro, kiçik və orta sahibkarlara dəstək və xidmətlərin göstərilməsinə başlanılıb.

KOBİA-dan Day.Az-a verilən məlumata görə, sahibkarların "KOB Dostu" ofislərinə müraciəti zamanı "KOB könüllüləri" Nazirlər Kabineti yanında Operativ Qərargahın təqdim etdiyi zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmasına nəzarət edirlər.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən KOB dostları isə sahibkarlara göstərilən dəstək və xidmətləri onlayn formada davam etdirirlər.

Qeyd edək ki, "KOB Dostu" mexanizmi KOBİA-nın mikro, kiçik və orta sahibkarlara başlıca dəstək mexanizmlərindən olmaqla, Agentliyin ölkə regionlarındakı nümayəndələridir. Ölkənin müxtəlif şəhər və rayonlarında fəaliyyət göstərən 22 KOB Dostu tərəfindən sahibkarlara informasiya, məsləhət, əlaqələndirmə, təlim-tədris, hüquqi yardım, maraqların müdafiəsi, bazarlara çıxışın yaxşılaşdırılması və digər istiqamətlərdə dəstək və xidmətlər göstərilir. Xüsusi karantin rejimində KOB dostları sahibkarlara onlayn xidmətlər göstərir. KOB Dostu şəbəkəsi vasitəsilə ölkənin bütün inzibati rayonları əhatə olunmaqla koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə çalışan sahibkarların dövlətin maliyyə-iqtisadi dəstək mexanizmləri barədə məlumatlandırılması və suallarının cavablandırılması üçün 10 minə yaxın sahibkarlıq subyektinin iştirakı ilə onlayn tədbirlər təşkil olunub.