Anar Əliyev: İşçilərin ixtisarı ilə bağlı vəziyyət daim nəzarətdə saxlanılır
İşsiz vətəndaşlar üçün 190 manatlıq vəsaitin təyin edilməsini elektron sistemlər üzərindən etməsəydik, bu, ciddi şəkildə karantin tədbirlərinin pozulmasına gətirib çıxaracaqdı.
Day.Az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev "Yeni TV" kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, 190 manatla bağlı müraciətlərin qəbulu tam elektron şəkildə həyata keçirildi: "İnsanlar faktiki olaraq, evdə oturub 190 manat üçün müraciət etdilər. İlkin olaraq bu işə başlayanda bəzi suallar verilirdi. Şəxsiyyət vəsiqəsinin bitməsi ilə bağlı bir çox suallar vardı. Buna görə də qərar qəbul edildi, vəsiqələrin müddəti uzadılaraq onların müraciəti qəbul edildi".
Nazir müavini əlavə edib ki, pandemiya dövründə 1 milyon 660 min muzdla (əmək müqaviləsi ilə) çalışan işçinin iş yerinin və əməkhaqqı gəlirinin qorunması təmin edilib.
A.Əliyev bildirib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən pandemiya dövründə əmək müqavilələrinin bağlanması, işçilərin ixtisarına yol verilib-verilmədiyi sahəsində vəziyyət daim nəzarətdə saxlanılır.
Nazir müavini deyib ki, işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət 600 min aztəminatlı şəxsə 190 manatlıq vəsait verilib.
Mətndə səhv var? Mətni seçin və klaviaturada Ctrl + Enter düymələrini eyni anda sıxaraq bizə məlumat verin.